Cəmiyyət

Canımız üçün qorxuruq, yoxsa malımız üçün? – “Bu il sığorta gəlirləri bir milyardı keçəcək” – ŞƏRH + FOTO

Sharing is caring!


Sığorta sahəsi ilə bağlı son üç rübün nəticələri elan olunub. Açıqlanan rəqəmlərdən aydın olur ki, əvvəlki illərə nisbətən bu il sığorta yığımları və əhalinin sığortaya olan tələbatı ciddi fərqlə yüksəkdir.

Sığorta sahəsində artımların səbəbləri haqqında Oxu.Az-a danışan ekspert İlkin İbrahimov düşünür ki, xüsusilə həyat sığortası insanlar üçün vacib əhəmiyyətli sahəyə çevrilib:

“Ölkəmizdə ən çox sığorta haqları həyat sığortası üzrə toplanır. Əsas səbəb isə sığorta şirkətlərinin, o cümlədən tənzimləyicinin – yəni Mərkəzi Bankın sığorta sahəsinin əhəmiyyəti haqqında maarifləndirmə tədbirlərini genişləndirməsidir. Əlavə olaraq, xüsusilə həyat sığortası əməkhaqları ilə əlaqədar olduğundan maaşların artımı sığorta ödənişlərinin və yığımlarının da artmasına səbəb olur.

Daşınmaz əmlakla bağlı sığorta haqlarının yığımında da artım müşahidə edilir. Yadınızdadırsa, bir neçə ay əvvəl daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir ajiotaj var idi, cərimə mexanizminin tətbiq edilməsi və s. müzakirələr gündəmdə idi. O zaman vətəndaşlar daha çox sığortalanmaya getdilər. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı məsələdə də bonus-malus sisteminin tətbiqi bu sahədə artımlara təkan verdi. Bonus-malus sistemi intizamsız sürücülərə daha çox sığorta haqqının tətbiq edilməsi deməkdir. Beləliklə, avtomobillərin icbari sığortası üçün haqların yığımı artdı.

Ümumilikdə, sığorta sektorunun bu il ilk dəfə olaraq bir milyard manatı keçməsi gözlənilir. Ümumdaxili məhsulda sığorta sektorunun payı daha da yüksələ bilər. Əvvəlki illərdəki dinamik artım bu il də davam edəcək”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Nəticə ötən ilin eyni dövrünə nisbətən 28,2% çoxdur.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir