Cəmiyyət

Sankt-Peterburqda azərbaycanlılara məxsus biznes güc strukturlarının hədəfində – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində azərbaycanlılar əleyhinə təbliğat və təxribat tam sürətlə davam edir. Belə ki, oktyabrın 15-dən başlayaraq əvvəlcə Rusiyanın teleqram kanallarında, sonra isə media resurlarında start götürən anti-Azərbaycan kampaniyası artıq yeni mərhələyə qədəm qoyub.

“Sankt-Peterburqda azərbaycanlılardan ibarət mafiya yerli sakinlərə hücum edir”, “Azərbaycanlı quldur və millətçi dəstələri” başlıqlı xəbərlərlə ölkə ictimaiyyətində azərbaycanlılar əleyhinə mənfi fikir formalaşdırmağa cəhd edən qüvvə bu dəfə də Sankt-Peterburqdakı həmvətənlərimizə məxsus biznes sahələrini hədəf alıb. Azərbaycanlılara aid restoran biznesi şəbəkələrinə polis reydi, həmvətənlərimizin toy mərasiminə “OMON” basqını müntəzəm xarakter almağa başlayıb. Güc strukturlarının həmvətənlərimizə məxsus biznesi hədəf almasının detallarını və pərdəarxası məqamlarını APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov araşdırıb.

Son iki həftədə Rusiyanın mədəniyyət paytaxtı hesab edilən Sankt-Peterburqda heç də mədəniyyətə xas olmayan hadisələr baş verməkdədir. Belə ki, yeniyetmə azərbaycanlılardan ibarət bir qrup şəxsin teleqram sosial şəbəkəsində yayılan küçə videolarını şişirdərək milli zəmində cinayət kimi təqdim edən qüvvə baş verənlərə görə Sankt-Peterburqda yaşayan bütün azərbaycanlıları cəzalandırmaq qərarına gəlib. Artıq bir neçə gündür ki, “OMON”, “SOBR” kimi xüsusi təyanatlı polis dəstələri tərəfindən müntəzəm olaraq həmyerlilərimizin biznes obyektlərinə basqınlar, reydlər həyata keçirilməkdədir.

Polis basqınının həyata keçirildiyi obyektlər arasında Sankt-Peterburqun azərbaycanlılara məxsus “Bakinskiy dvor” və “Nevskaya jemçujina” restoranlarını misal göstərmək olar. Həmin obyektlərdəki polis reydinin görüntülərini əldə etmişik.

Oktyabrın 30-da Sankt-Peterburqun güc strukturları bütün hədləri aşaraq azərbaycanlılara qarşı daha iyrənc təxribata əl atıb. Belə ki, “Kurakina daça” restoranında həmyerlilərimizə məxsus 500 nəfərlik toy mərasiminə basqın təşkil olunub. Maskalı xüsusi təyinatlı polis qüvvələri və digər güc strukturları nümayəndələrinin toyun keçirildiyi restorana basqınını əks etdirən görüntülər Rusiyanın sosial şəbəkələrində geniş yayılıb.

Həmin toyun iştirakçılarının təqdim etdiyi videolardan da məlum olur ki, güc strukturları kişi, qadın, uşaq demədən azərbaycanlılara qarşı çox kobud rəftar ediblər. “Məmmədov” soyadlı cinayətkarın axtarışı adı altında toyda iştirak edənlərin sənədləri yoxlanılıb, toy sahibindən mərasimin yarımçıq kəsilməsi tələb olunub. Bütün xahişlərə baxmayaraq, toyun davam etdirilməsinə icazə verilməyib.

Toy mərasiminin sahibi, bəyin anası Lena Bagirova hadisədən iki gün keçməsinə baxmayaraq hələ də şokda olduqlarını söyləyib:

“Mən üç oğlan anasıyam. Bir ana kimi övladımın toyunu çox arzulayırdım. Oktybarın 30-da oğlumun toyu idi, hansı ki, həmin toyu korladılar. Bizi toyu arzuladığımız kimi keçirməyə imkan vermədilər. Oğlum və gəlinim göz yaşları içində restoranı tərk etdilər. Bütün qonaqlar şokda idilər. İki gün keçib, lakin biz hələ də özümüzə gələ bilməmişik. Qonaqlarımızın qarşısında çox utanırıq. Biz onlardan baş verənlərə görə üzr istəyirik. Biz qanuna riayət edən Rusiya vətəndaşlarıyıq. Heç kəsə pislik etməmişik, lakin buna baxmayaraq bizim toyumuzu məhv etdilər. Mən heç bir valideynə yaşadıqlarımızı yaşamalarını arzulamıram”.

Bəyin atası Adilxan Nəsibov 30 ildir ki, Sankt-Peterburqda yaşadıqlarını və heç vaxt qanun pozuntusuna yol vermədiklərini söyləyib:

“Toy ömürdə bir dəfə olur. Oğlumun toyunu məhv etdilər. 30 ildir ki, Sankt-Peterburqda dinc şəraitdə yaşayırıq. Heç vaxt qanun pozuntusuna yol verməmişəm, övladlarım da mənim kimi…Baş verənlərə görə indi insanların gözünə baxa bilmirəm. Toyda iştirak edənlər hamı qorxu içində idi. Uşaqlar, qadınlar, yaşlılar. Bir çoxlarının vəziyyəti pisləşdi. Çox istərdim ki, bir də belə hallar təkrarlanmasın”, – deyə toy sahibi azərbaycanlılara qarşı heç bir səbəb olmadan, qanunsuz şəkildə güc tətbiq edən polis əməkdaşlarının cəzalandırılacağına, onlar barəsində tədbir görüləcəyinə ümid edir.

Axtardıqları cinayətkarı tapa bilməyən xüsusi təyinatlı polislər sənədləri qaydasında olmayan beş Azərbaycan vətəndaşını saxlayıblar. Onların Rusiyadan deportasiya olunacağı bildirilib.

Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin icraçı direktoru, hüquqşünas Rəşadə Orucova baş verən insidentin Sankt-Peterburqda millətlərarası münasibətlərə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıq doğurduğunu söyləyib:

“Buna imkan vermək olmaz. İnanırıq ki, baş verənlər Sankt-Peterburqda yaşayan azərbaycanlılara münasibətə təsir etməyəcək. Başa düşmək lazımdır ki, cinayətkarın milliyyəti və vətəndaşlığı olmur. Törətdiyi əmələ görə şəxsin milliyətini, vətəndaşlığını qabartmaq olmaz”.

Sankt-Peterburqdakı diasporumuz azərbaycanlıların toyuna müdaxilə edən güc strukturları əməkdaşlarının kobud hərəkətləri ilə bağlı prokurorluğa şikayət edəcək.

Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov məlum insidentlə bağlı bildirib ki, Rusiyada millətlərarası münasibətləri qızışdırmağa imkan vermək olmaz:

“Düşünürəm ki, dövlətlərarası səviyyədə bu məsələ həll olunmalıdır. Cinayətdə əli olan şəxs tutulub təhvil verilməlidir. Bununla da hər şey bitməlidir. Bir nəfərə görə bütün azərbaycanlıları cəzalandırmaq, incitmək olmaz. Bu qəbuledilməzdir. Heç kəs Rusiya ilə Azərbaycan xalqının arasını vura bilməz. Biz buna imkan verməyəcəyik”.

İndi gələk Rusiya polisinin axtardığı azərbaycanlı dırnaqarası “cinayətkar”a, 18 yaşlı azərbaycanəsilli Rusiya vətəndaşı Tural Məmmədova. Hansı ki, Rusiya mətbuatı Məmmədovu iki həftədən çoxdur bütün Sankt-Peterburqu qorxu içində saxlayan “Azərbaycanlı quldur dəstənin lideri”, yerli sakinlərə hücumların təşkilatçısı kimi təqdim edir. Yerli media Turalın Rusiyadan Azərbaycana qaçdığını yazır. Rusiya İstintaq Komitəsi isə Məmmədov barəsində xuliqanlıq, düşmənçilik və nifrət oyatma maddəsi ilə cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.

Əldə etdiyimiz məlumata görə, Tural hazırda Azərbaycan ərazisindədir. Onun Şəmkir rayonunda olduğu bildirilir. Rusiya isə Azərbaycandan Məmmədovun ekstradisiyasını tələb edir, cinayəta dair heç bir dəlil, sübut təqdim etmədən…

Sankt-Peterburqda azərbaycanlılara məxsus biznesə hücumların əsas səbəbi kimi məhz Tural Məmmədovun Azərbaycandan Rusiyaya ekstradisiyasının gerçəkləşməməsi göstərilir. Rusiyanın güc strukturları Məmmədovun ekstradisiya olunacağı günə qədər reydlərin davam edəcəyini bildirirlər. Yəni, bir nəfərin törətdiyi və ya törətməkdə şübhəli bilindiyi cinayətə görə bütün Sankt-Peterbuq azərbaycanlıları məsuliyyət daşıyırlar. Sovet təfəkküründə olduğu kimi, kollektiv məsuliyyət…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir