Cəmiyyət

Yoxsulluğun ədalətli həddi – Yaxşı həyatın xərci nədir? – FOTO

Sharing is caring!


İndi Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Gələn il də bu həddin eyni səviyyədə olması nəzərdə tutulur.

Minimum əməkhaqqının dəyişdirilməməsi ölkədə rəsmi iş yeri olan şəxslərə təsir göstərir. Bu məbləğin real minimum tələblərə cavab verməsi isə məsələnin başqa tərəfidir.

Fərqli olaraq gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manatdan 270 manata çatdırılacaq. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.

Ümumilikdə minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri bir çox sosial və iqtisadi münasibətlərin tənzimlənməsində tətbiq olunur.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, minimum əməkhaqqı həmişə dövlət büdcəsi təsdiqlənəndən sonra bəlli olur.

O bildirib ki, minimum əməkhaqqının dəyişdirilməsi Prezidentin səlahiyyətində olan məsələdir:

“Bu baxımdan məsələ parlamentdə müzakirə edilmir. Amma hökumətin öz büdcəsindən ödəyəcəyi əməkhaqqının məbləğində artım proqnozlaşdırır. Minimum əməkhaqqının artırılma ehtimalı böyükdür. Nəzərə alsaq ki, ötən il də, bu il də inflyasiya olub və növbəti ildə inflyasiya səviyyəsi yüksək olaraq qalacaq, ona görə də minimum əməkhaqqının artırılması üçün zəruri əsaslar var.

Minimum əməkhaqqı məbləğinin artırılmasında dövlət özü də maraqlıdır. Bu zaman şəffaflaşma səviyyəsi artır və dövlət daha çox vergi toplayır. Başqa sözlə, bu, dövlətin fiskal maraqlarına uyğundur. Amma eyni zamanda minimum əməkhaqqının artırılması həm inflyasiyanı artırır, həm də biznesə təsir edir. Biznesə öhdəsindən gələ biləcəyindən artıq tələblər irəli sürmək dövlətin uzunmüddətli marağında deyil.

Real olaraq bu gün 350-400 manat maaş alan işçi toplusu var. Şirkətin əməkhaqqı xərci artırsa, o, məhsul və ya xidmətin qiymətini artırmalıdır, yaxud marjasını daraltmalıdır. Əks halda sıradan çıxmalıdır. Belə bir dilemma var, xərc artanda qiymətə təsir etmirsə, sahibkar çətinlik qarşısında qalır. Ona görə də əməkhaqqının artırılması ciddi analizlər tələb edən məsələdir.

İqtisadiyyatda rentabellik, marjinallıq yuxarı olmayanda, sahibkarların qiyməti artırma imkanları məhdud olanda minimum əməkhaqqının qaldırılması müəyyən problemlər yarada bilər. Minimum əməkhaqqının artırılması Prezidentin fərmanı ilə təsdiqləndiyinə görə məsələni sona saxlaya bilərlər. Çünki növbəti ilin dövlət büdcəsində bunun üçün rezervlər var. Qərarın dəyişəcəyini gözləyirəm.

Dövlətin xərcləri artır, hələ də gəlirləri yaxşı diversifikasiya edə bilmir. Enerji sektorundan asılılıq yüksək səviyyədədir. Faktiki olaraq dövlət əməkhaqqı fondunu artırdıqca, daha çox neft gəlirini əməkhaqqı ödənişinə yönəltməlidir. Dövlət sektorunda maliyyələşənlər Neft Fondundan büdcəyə transferlər hesabına maaşlarını ala bilirlər”.

İqtisadçı növbəti ildən yaşayış minimumunu 270 manata qaldırılmasına da diqqət çəkib:

“Yaşayış minimumu istehlak səbətində adambaşına düşən normativlərə əsasən hesablanıb. Amma burada narahatlıq yaradan məsələ var. Bu il təqribən 9,7 faizlik inflyasiya proqnozlaşdırılır və buna da uyğun yaşayış minimumu hesablanıb artırılır. Məsələ ondan ibarətdir ki, yaşayış minimumu yanvarın 1-dən qəbul edilir, vətəndaş da 1 il ərzində bununla yaşamaq məcburiyyətində qalır.

2023-cü ildən yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşib. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğini formalaşdırır. Hökumət yanvardakı qiymətlərlə yaşayış minimumunu hesablayır, eyni zamanda növbəti il üçün 6 faizlik bir inflyasiya proqnozlaşdırır. Xüsusən də yüksək inflyasiya şəraitində ötənilki inflyasiyanın qiymət səviyyəsi ilə yaşayış minimumu müəyyənləşdirilir və insanlar növbəti ildə ortaya çıxan inflyasiya ilə mübarizə aparırlar. Yaxşı olardı ki, növbəti ildə proqnozlaşdırılan 6 faizlik inflyasiya səviyyəsi 270 manatın üzərinə gəlinsin. Belə daha ədalətli olardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir