Cəmiyyət

Məhkəmə sevgilisinin qayınanasını öldürən şəxslə bağlı qərar çıxardı

Sharing is caring!


Ali Məhkəmədə Ağcabədidə qadını öldürməkdə təqsirləndirilən Seymur Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

S.Cəfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsinə tövsif edilib və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum Ali Məhkəməyə üz tutub.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.

S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir