Cəmiyyət

Ölkəmizdə selektiv abortla bağlı niyə cəza yoxdur? – Hüquqşünasdan AÇIQLAMA

Sharing is caring!


Azərbaycanda abortların sayı artıb. Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarında görürük. 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə bu rəqəm 46 877, 2020-ci ildə isə 34 719 olub.

Ölkəmiz, həmçinin, uşaqların cins seçiminə görə Çini üstələyərək dünyada birinci yeri tutub.

Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev oktyabrın 27-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə iclasında deyib. O, bütün selektiv abortların kriminal abortlar olduğunu, bununla Cinayət Məcəlləsinin qapısının açıldığını bildirib. 

Azərbaycanda, ümumilikdə, aborta qadağa yoxdur. Lakin qanunvericilik selektiv abortlara icazə vermir. Cinayət Məcəlləsində kriminal abortlarla məsələ öz əksini tapıb. Məcəllədə qanunsuz abortlarla bağlı müəyyən cərimələr nəzərdə tutulub.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Vəliyev qanunvericilikdə selektiv abortla bağlı hər hansı məsuliyyətin olmadığını deyib:

“Əhalinin sağlamlığının qorunması haqqında” qanun var. Həmin qanunda tibbi göstərişlərə görə, yəni hansı hallarda və hansı səbəblərdən aborta icazə verildiyi barədə qeyd edilib. O səbəblər içərisində cinsiyyətə görə hər hansı göstəriş yoxdur. Orada ananın və dölün sağlamlığına təhlükə, dölün inkişafdan geri qalması halları olduqda aborta icazə verilir. Bu hallar olmadıqda abort qadağandır. Cinsiyyətə görə abort isə qanunvericilikdə göstərilmir. Səhv etmirəmsə, bununla bağlı qanun layihəsi müzakirə olunurdu. Amma qəbul olunmadı. Ola bilsin ki, hələ də müzakirə mərhələsindədir”.

Hüquqşünas bu boşluqdan sui-istifadə edənlərin olduğunu da vurğulayıb:

“Biz sui-istifadə halları ilə rastlaşırıq. Yaxşı olardı ki, bu məsələ azından İnzibati Xətalar Məcəlləsinə salınsın. Yaxud bununla bağlı tibb personalına göstərişlər verilə bilər. Hər hansı bir şəxsi məsuliyyətə cəlb etmək lazımdır ki, bu formada addımların arzuolunan olmadığı bilinsin. Təəssüflər olsun ki, bu məsələ neçə illərdir müzakirə olunsa da, hər hansı bir addım atılmır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir