Cəmiyyət

Payız özünü yay kimi aparanda: Qıtlıq gözlənilir? – ŞƏRH + FOTO

Sharing is caring!


İqlim dəyişmələri son illərdə qlobal problemlər siyahısında qalır və Azərbaycana təsirləri də ciddi hiss edilməkdədir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva da açıqlamasında qeyd edib ki, iqlim dəyişmələri biomüxtəlifliyin azalması və itkilərinə təsir edən əsas amillərdən birinə çevrilir. Onun sözlərinə görə, bu gün dünya bir-biri ilə əlaqəli olan üçlü böhran – iqlim dəyişmələri, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsi ilə üzləşib.

İqlim dəyişmələri artıq kənd təsərrüfatına, məhsuldarlığa da ciddi təsir edir. Hətta bəzən fermerlər qeyd edirlər ki, əkin mövsümünün başlanması, hansı məhsulun hansı dönəmdə əkilməsi və yığılması, torpağın becərilməsi texnikaları artıq dəyişməli, iqlimə uyğunlaşdırılmalıdır.

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli də düşünür ki, Azərbaycanda iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan sahə elə kənd təsərrüfatıdır:

“İqlim dəyişmələri bir-iki ilə qeydə alınmır, uzun müddət ərzində baş verir. Bununla isə elmi tədqiqat institutları məşğul olur. Elə fermerlər özləri də tendensiyanı müşahidə edir və əkin-biçin işlərini iqlimə uyğunlaşdırmağa, yeni aqrotexniki qaydalar tətbiq etməyə, məhsuldarlığı artırmağa çalışırlar. Prosesin təsirini analiz etmək üçün Azərbaycanda təxminən 30 il əvvəlki duruma baxmaq kifayətdir. Məsələn, əgər 30 il bundan əvvəl Azərbaycanın hansısa rayonda pambıq əkilirdisə, indi bir çox rayonda pambıq əkilmir. Mövcud ərazidə su problemi, iqlim şərtləri, şəraitə uyğun dəyişikliklər yeni toxum sortlarının becərilməsini vacib edir. Quraqlığa daha davamlı olan, suvarma imkanları olmayan dəmyə əraziləri üçün əlverişli bitkilər əkilir.

Kənd təsərrüfatı Azərbaycanda ənənəvi sahələrdən biri olduğuna görə, fermerlərimiz də kifayət qədər bilgiyə sahibdirlər.

Son 30 ildə əkin müddətlərinin vaxtlarında dəyişmələri hiss edirik. Təbii ki, köklü şəkildə tərs çevrilmiş durum yoxdur, payızda əkilən məhsullar yazda əkilmir, amma səpin-yığım vaxtında sürüşmələr olur. Kənd təsərrüfatı sahəsində çalışan, fərdi təsərrüfatı olan fermerlər iqlim dəyişikliklərinə adaptasiya olurlar, dünyada tətbiq edilən texnologiyaları Azərbaycana gətirməyə çalışırlar. Ona görə də məhsuldarlığın kəskin şəkildə azalması, becərilən hansısa bitki sortlarının tamamilə aradan çıxması yaxın illərdə aktual deyil”.

Şəkili fermer Etibar Nuriyev illər ərzində qeydə alınan iqlim dəyişikliyini əyani şəkildə hiss etdiyini vurğulayıb. 64 yaşlı fermer ani temperatur keçidlərinin kənd təsərrüfatına ciddi təsir etdiyini deyir:

“Son 20 il ərzində, xüsusilə beş ildir ki, qış ayları – dekabr, yanvar, fevrala xas olan qar yağıntısı yoxa çıxıb. Məsələn, şimal bölgəsində yaşayan biri kimi yadıma salıram, əvvəllər qışda ən azı 60-70 santimetr qar yağardı. Qarı evlərin damından güclə təmizləyirdik ki, ağırlıq olmasın. Son beş ildə isə demək olar, qar yağıntısı sıfır vəziyyətdədir. Dağlara yaxın ərazilərə 5-10 santimetr yağıntı düşür, amma şəhərin özündə, nisbətən aşağıdakı əkin sahələrinə yağıntı düşmür. Bunun fəsadları da özünü kənd təsərrüfatında göstərir.

Necə ki, qar az yağanda insanlarda xəstəliklər, viruslar kütləviləşir, bitkilərdə də eynilə xəstəliklər, qurumalar baş qaldırır. İstər taxılçılıqda, istər bağçılıqda bitkilərin su tələbatının yetərincə ödənilməməsi onların inkişaf fazasını ləngidir. Bu müddətdə gəmiricilərin daha aktiv olmasını müşahidə edirik. Ziyanvericilər taxılın, ağacların kök sistemi ilə qidalanırlar, bu yetərli olmadıqda isə üzə çıxırlar”.

O bildirir ki, yaz aylarında isə tamam fərqli problem baş qaldırır:

“Mart, aprel və mayda yaz havası nisbətən hiss edilsə də, bəzi hallarda anidən qısamüddətli, 5-10 santimetrlik qar yağır. Bəzi hallarda isə dolu və leysanların şahidi oluruq. Əsasən, bitkilərin, ağacların çiçək fazasında yağıntı olduğuna görə bu, tozlanmaya təsir göstərir, çiçəyin 50-60 faizini məhv edir. Nəticədə məhsuldarlıq birdən-birə aşağı düşür”.

Fermer yay aylarında isə temperaturun qəfildən kəskin yüksəlməsindən şikayətçidir. Belə ki, Etibar Nuriyevin sözlərinə görə, yayda bitkiləri kökdən nə qədər sulasalar da, həddindən artıq quraqlıq təsərrüfatı məhv edir:

“İyul, avqust aylarında temperaturun iqlim normasından yeddi-səkkiz dərəcə yuxarı olması ağaclara, bitkilərə ziyan vurur. Əvvəlki dönəmlərdə temperatur yayda maksimum 35 dərəcə olduğu halda, indi 43-45 dərəcəyə qədər yüksəlir. Bu isə bağçılıqda və digər sahələrdə fəsadlara səbəb olur. Əsasən, yarpaqların fotosintezinə təsir göstərir. Kök hissə nə qədər suvarılsa da, bitkilərin yarpaqları belə istiyə dözmür. Ola bilər, digər rayonlarda iqlim daha fərqli şəkildə özünü göstərir, kənd təsərrüfatının bəzi sahələrinə az təsir edir, amma ümumi mənzərə budur ki, istilərlə əlaqədar qıtlığın yaranması ciddi hal alıb”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir