Cəmiyyət

Ali Məhkəmədə ədalət mühakiməsi rəmzlərinin sərgisi açılıb – FOTO

Sharing is caring!


Vəkillər Kollegiyası və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi açılıb.

“Report” xəbər verir ki, Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan və dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, eləcə də, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.

Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov dünya praktikasında belə tədbirlərin keçirilmədiyini bildirib:

“Bizim sərgimiz Avropa ədalət mühakiməsi və vəkillər gününə həsr olunub, sərgidə dünyanın müxtəlif ölkələrindən hakim, vəkil və prokurorluq orqanlarının cübbələri, ədalət mühakiməsi atributları, dövlət nişanları, ordenlər, medallar və markalar da nümayiş olunur. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründən bu günə qədər qorunub saxlanılan atributlar və cübbələr var. Sərgidə ədalət mühakiməsi ilə bağlı olan atributlar da yer alır. Bu cübbələr Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və digər rayon və şəhər məhkəmələrindən gətirilib. Həmçinin Afrika və Avropa ölkələrinin məhkəmələrindən gətirilən müxtəlif atributlar nümayiş olunur”.

K.Nəsibov bildirib ki, sərginin məqsədi hüquq mədəniyyətinin təbliği, gənclərə bu sahədə bağlı məlumat verməkdir:

“Burada nümayiş olunan hər bir cübbənin öz tarixi var. Postsovet ölkələrində hazırda belə cübbələrdən istifadə olunmur. Vəkillər Kollegiyasının sədri Anar Bağırov beynəlxalq konqreslərdə cübbə geyinərək çıxış edib. Bu sərgilərdən sonra bizə xarici ölkələrdən müraciətlər olur. Bir çox ölkələrdə vəkillər cübbədən istifadə etmir, ona görə də bizim praktikaya müraciət edirlər”.

Qeyd edək ki, oktyabr ayının 27-dək təşkil ediləcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd olunan tarixlərdə saat 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək şəxsiyyəti vəsiqəsi ilə Ali Məhkəmənin inzibati binasına yaxınlaşa bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir