Cəmiyyət

Boşanmaların mühüm səbəbləri: Söz-söhbət, süni problemlər…

Sharing is caring!


Qan Turalı yazır…

İngiltərədə məhkəməyə müraciət edən bir nəfər evlilik həyatında xoşbəxt olmadığını əsas gətirərək boşanmaq istədiyini bildirmişdi. Bir çox ölkələr kimi İngiltərədə də boşanmaq üçün əsaslı bir səbəb olmalıdır. Hakim də evliliyin xoşbəxtlik vəd etmədiyini, qarşı tərəfin belə bir məsuliyyəti olmadığını əsas gətirərək onları boşamaqdan imtina etmişdi. Boşanma haqqında söz düşərkən hər zaman bu məhkəmə presedentini xatırlayıram. 

Ölkəmizdə də boşanmalar haqqında çox danışırlar. Bir qisim insan boşanmanı sosial fəlakət kimi qələmə verir. Digər bir qisim isə boşanma rəqəmlərinə son dərəcə təbii yanaşır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ilin ilk dörd ayında Azərbaycanda 6920 boşanma halları qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Bu artım tempi kifayət qədər yüksəkdir və təhlilə ehtiyacı var. 

Hər şeydən qabaq məhkəmə və digər qurumlar tərəfindən həyata keçirilən bu boşanmaların əsl səbəbləri araşdırılmalıdır. Dövlətin əlində müvafiq məlumatlar mövcuddur, ancaq onları qruplaşdıraraq təhlil etməyə ehtiyac var. İşin bu tərəfini ailə sosioloqları, hüquqşünaslar həll etməlidirlər. 

Ancaq müşahidə əsasında ortaya çıxan bəzi məqamları da aydınlaşdırmaq və təhlil etmək gərəkdir. Bizim praktikada bəzi boşananlar maddi vəziyyəti əsas gətirirlər. Bu da ciddi bir problemə dəlalət edir. 

Nəzərə almaq lazımdır ki, istər qanunvericilikdə, istərsə də müasir dövrün reallığında ailəyə baxmaq heç də ancaq kişinin vəzifəsi deyil. Bəli, feodalizm dövründə kişi çalışır, qadın ev işləri ilə məşğul olurdu. Müasir dövrdə isə qadınların əmək prosesinə cəlb olunması sayəsində bu vəziyyət aradan qalxdı. Buna görə də evliyin iqtisadi baxımdan dayanıqlı olmasını təkcə bir tərəfin üstünə atmaq nə əxlaqi, nə də hüquqi baxımdan qəbulolunandır. 

Müasir dünyanın isə bir reallığı da var: sosial media. Bu elə bir reallıqdır ki, gerçək reallığı az qala məhv edərək onun yerinə keçib. İnsanlar reallıqdan üz döndərib öz telefonlarına pənah gətirmiş, həyatı telefonun ekranından təqib etməyə başlayıblar. Telefon ekranı da əlbəttə ki, saxta, uydurma bir dünyadır. Onun gerçək dünya ilə əlaqəsi son dərəcə azdır və mahiyyət etibarı ilə gerçək dünyanın reallığını inkar etməkdədir. 

Bəli, orada lüks maşınlar, bahalı restoranlar, ekzotik tətillər, gözqamaşdırıcı geyimlər var. Sadə bir insan isə bu həyatı görür, ona aldanır və öz həyatında da bu şeyləri tələb etməyə başlayır. Milyonda bir insana qismət olan bu həyatın yoxsul bir insan üçün arzuya çevrilməsi onun faciəsinin də əsasını qoyur. Öz həyatında bunu görə bilməyənlər isə ailədə söz-söhbət salmağa, süni problemlər yaratmağa başlayırlar. Boşanmaların mühüm səbəblərindən biri də budur. 

Ümumilikdə, virtual reallığın əsl reallığın yerinə iddia etməsi bir çox sahədə problemlər yaradır. İnsanın real olanı unudub xəyalların şirin qoynuna köçmək istəyi onun təbiətindən irəli gəlir. Belə olmasaydı sosial medianın olmadığı zamanlarda da insanlar filmlərdəki kimi yaşamaq, filmlərdəki kimi sevmək, filmlərdəki kimi sevilmək istəməzdilər. Ancaq sosial media insanlara filmlərdən də artıq dərəcədə təsir edir. Onun verdiyi reallıq hissi son dərəcə güclü və təbiidir. İnsanların aldanışının sirri də buradadır. 

Gerçəklə reallığı bir-birindən ayıra bilməyənlərin işləri isə heç bir zaman rast getmir. Təbiətin qanunu belədir… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir