Cəmiyyət

“Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib – FOTO

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi (DİM) “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirib.

“Report” xəbər verir ki, toplantıda elm və təhsil naziri Emin Əmrullayev, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə edən və ümummilli lider Heydər Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, bu il keçirilən qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən və Prezident təqaüdünə layiq görülən I kurs, həmçinin universitetlərin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri, qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2023-cü il Azərbaycan tarixində ən əlamətdar il kimi yaddaşlarda qalacaq:

“Bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan dövlətinin öz torpaqlarında suverenliyini tam bərpa etdiyi ildir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirib.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir ki, bu da Prezidentə nəsib oldu. Bu qələbənin təmin olunmasında ən yeni texnologiyalarla təchiz edilmiş Silahlı Qüvvələrimizlə yanaşı, yüksəkixtisaslı kadr potensialı, intellektual ordumuz da rol oynayıb. Burada əyləşənlər də elə bizim intellektual ordumuzun nümayəndələridirlər”.

M.Abbaszadə bu il keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan 102 nəfər Prezident təqaüdünə layiq görülən tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra sədr DİM-in “İlk Prezident təqaüdçüləri” layihəsi, onlar haqqında nəşr olunan kitab, eləcə də çəkilən film haqqında danışıb.

Ardınca “İlk Prezident təqaüdçüləri” filmi nümayiş etdirilib.

Tədbirin davamında təqaüdçülər təhsil və iş həyatları, eləcə də hədəfləri barədə danışıblar.

Qeyd edək ki, toplantı boyunca Xalq artisti Simarə İmanova, Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyev, tar ifaçısı Əməkdar artist Şəhriyar İmanov, vokalist Rauf Məmmədzadə ulu öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunan mahnılardan ibarət musiqi parçaları ifa ediblər.

Tədbirdə həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir