Cəmiyyət

İqlim dəyişmələri biomüxtəlifliyə necə təsir göstərir? – FOTO

Sharing is caring!


“Son onilliklərdə iqlim dəyişmələri biomüxtəlifliyin azalması və itkilərinə təsir edən əsas amillərindən birinə çevrilir”.

Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu gün dünya bir-biri ilə əlaqəli olan üçlü böhran – iqlim dəyişmələri, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsi ilə üzləşib:

“Davamlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda irəliləyiş əldə etmək istəyiriksə, bu üçlü böhrana yanaşma kompleks olmalıdır. Qlobal iqlim dəyişmələri probleminin həllinə və onun mənfi nəticələrinin yumşaldılmasına töhfə olaraq Azərbaycanda ətraf mühitin, xüsusən də biomüxtəlifliyin qorunmasına böyük diqqət yetirilir.

Ölkə Prezidenti İlham Əliyevin ekoloji siyasəti ətraf mühitdə tarazlığın saxlanılmasında, o cümlədən biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır.

İ.Əliyevin tapşırığına əsasən, həyata keçirilən tədbirlərdən biri də xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi, yeni milli parkların yaradılması olub. 2003-cü ildən etibarən xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi təxminən iki dəfə artaraq ölkə ərazisinin 10,3 faizinə çatıb.

İlk dəfə 2003-cü ildə yaradılan milli parkların sayı 10-a çatdırılıb. Şahdağ Milli Parkının Qafqazın ən böyük ərazisini əhatə edən nümunəvi infrastrukturu yaradılıb. Təbii irs nümunəsi kimi Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qeyd edim ki, UNESCO ilə əməkdaşlıq çərçivəsində geoloji parkların yaradılması istiqamətində işlər davam etdirilir, Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında isə Zaqatala Biosfer Qoruğunun yaradılması işləri davam etdirilir”.

Nazir müavini əlavə edib ki, “Qafqazda bizonların tarixi yaşayış yerlərinin bərpası layihəsi” çərçivəsində ölkəmizə 36 baş bizon gətirilib:

“Hazırda təbii artım var və onların ümumi sayı artıq 49 başa çatıb. Son 13 ildə 346 baş ceyran respublikanın müxtəlif bölgələrinə, eləcə də Gürcüstanın Vaşlovan Milli Parkına reintroduksiya edilib. Ölkəmiz reintroduksiya layihələri üzrə regionda liderdir.

Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqında toplanmış yenilənmiş məlumatlar əsasında Azərbaycanın “Qırmızı Kitabı”nın üçüncü nəşri 2023-cü ildə dərc olunub. Bütün bunlar ölkəmizin regionun biomüxtəlifliyinin qorunması üzrə ümumi səylərə verdiyi töhfədir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir