Cəmiyyət

“Başqası ilə getsinlər” – Pik saatları “səhv salan” ekspres qatarı kimə lazım idi? + FOTO

Sharing is caring!


Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı ekspres qatarı fəaliyyətə başlayıb. Ekspres qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək. Qatar iş günləri Bakıdan Sumqayıta saat 6:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 7:45-də və 20:05-də hərəkət edəcək.

Ekspres qatarın işə düşməsinə əksər sərnişinlər sevinsələr də, onun qrafiki, demək olar ki, hamını narazı salıb. Sərnişinlər vaxtın düzgün seçilmədiyindən şikayətlənirlər.

Oxu.Az-ın əməkdaşı “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı qatarının daimi istifadəçiləri ilə danışıb.

Sərnişin Orxan Əlizadə qatarın heç bir stansiyada dayanmadığı halda mənzilbaşına 38 dəqiqəyə çatdığını deyib:

“Sürət qatarından daimi şəkildə istifadə edirəm. Ekspres qatarların fəaliyyətə başlaması çox gözəldir. Lakin qrafikdən narazıyam. Ekspres qatarı məsafəni digər hər stansiyada dayanan qatarlarla eyni vaxtda tamamlayır. Yəni yola sərf edilən vaxt eynidir, bircə hər stansiyada dayanmır. Onda bu qatarın nə önəmi var ki? Vaxtlar mənasız seçilib. Təkcə Bakıya gələnin qrafiki deyil, geri dönüşün də vaxtı düzgün seçilməyib. 18:05-də düşünmürəm ki, kimsə o qatara çata bilsin. Çünki normal götürsək, əksər yerlərdə iş qrafiki 18:00-a qədərdir. Ən azı 30 və ya 40 dəqiqə sonra olsa, çox yaxşı olardı. Düşünürəm ki, sərnişinlərin stansiyaya qədər yolu nəzərə alınmalıdır”.

Digər bir sərnişin Aysun Zeynalova universitetdən çıxandan sonra qatara çatmağın mümkün olmadığını bildirib:

“Təhsil aldığım ali məktəb stansiyaya çox yaxın məsafədə yerləşsə də, 18:05 qatarına çatmağım mümkünsüzdür. Ekspres qatarın fəaliyyətə başlamasına çox sevindim. Lakin qrafiki görəndən sonra evə necə gedəcəyimi düşünürəm. Məncə, vaxt nəzərə alınmalıdır. Çünki əgər mən üç dəqiqəlik məsafədən belə, ekspres qatara çata bilmirəmsə, daha uzaq məsafədən gələn sərnişinlərdən danışmağa dəyməz”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sənubər Nəzərovanın Oxu.Az-ın sorğusuna cavabından isə aydın olub ki, sərnişinləri narazı salan qrafik dəyişdirilməyəcək.

Mətbuat katibi bildirib ki, 18:05-də yola düşən ekspres qatarına yetişə bilməyənlər digər qatarlardan istifadə edə bilərlər:

“Qatarların gün ərzində fərqli reysləri var. 18:05-ə yetişməyənlər digər saatlarda öz səfərlərini rahat şəkildə edə bilərlər.

Biz yeni tədris ilində qatar reyslərinin sayını artırdıq. Ekspres qatar da bu əlavələrdən biridir. Biz günə 1 000-ə yaxın sərnişin daşıyacağıq. Biz daha çox insanı qatara cəlb edir, mənzilbaşına çatdıra bilirik.

Ekspres sırf Sumqayıtdan Bakıya, Bakıdan Sumqayıtadır. Bu qatar aralıq stansiyada dayanmır. Pik saatlar ekspres qatarın yoladüşmə vaxtlarıdır”.

Xatırladaq ki, ekspres qatarı Abşeron dairəvi dəmir yolu xətti üzrə oktyabrın 13-də fəaliyyətə başlayıb. Oturacaq tipli vaqonlardan ibarət ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan Bakıdan Sumqayıta və geriyə hərəkət edir. Ekspres qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sərnişindaşımanı həyata keçirəcək. Belə ki, Bakıdan saat 6:50-də yola düşən qatar saat 7:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 7:45-də yola düşən qatar saat 8:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir