Cəmiyyət

Bu nə hay-şivəndir?

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

“Xankəndidə sığınacaq yaradılıb”, “Xankəndinin ən son görüntüləri sosial şəbəkələrdə yayıldı”, “Vaqif Xaçatryan məhkəmədə ağladı”. 

Dünəndən bu günə bu cür başlıqlarla, bəlkə də, yüzlərlə xəbər oxumuşam. Gün ərzində daha nə qədər oxuyacağam, bilmirəm. 

Bircə onu bilirəm ki, 30 ildə nəyə “bu, heç vaxt ola bilməz”, “mümkünsüzdür” deyilən nə oldusa, son 3 ildə onların hamısı oldu. 

Azərbaycan suveren ərazilərini bərpa etdi. “Xankəndi nə oldu?” deyənlərin isə səsləri gəlmir. Əminəm ki, bir-birini qucaqlayıb ağlayırlar…

Məsələn, dünən məlum oldu ki, “böyük”, “dahi” ermənilər qoca və köməksiz adamları atıb gediblər. Bəs bu “böyük” millət ana-bacı, baba-nənə qədri bilən idi, nə oldu? Öz doğmalarını “düşmən” dedikləri türkün üstünə niyə atıb getdilər? Yoxsa düşünürdülər ki, bu qocalar acından öləcək, sonra da dünyaya çığır-bağır salacaqlar ki, “ay dünya birliyi, bizim “tatik-papikləri” türklər öldürdülər, “genosid” yaşatdılar bizə!” 

Həqiqətən də nəyə ümid edirdilər? Yoxsa düşünürdülər ki, Xocalıda, Meşəlidə, Ağdamda, Şuşada etdiklərini biz də onlara qarşı edəcəyik? Biz də qoca, cavan, qız-gəlin, körpə-uşaq baxmadan hamısını qətlə yetirəcəyik? 

Biz etmədik, eləmərik də. Hələ üstəlik Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaratdıq. Gündə üç dəfə yeyib-içməyini də verdik. Hələ ki, bundan sonra kimsə desə ki, Azərbaycan Xankəndidə etnik təmizləmə aparır və ya apardı, daha mənim deməyə sözüm olmayacaq…

Amma əminəm ki, deyəcəklər. Mən bu yaşıma qədər hələ bu dərəcədə alçaqlıq, şərəfsizlik görmədim. Xankəndidən ermənilər yolun bu tərəfində deyirlər ki, “öz xoşumuzla gedirik, heç kim bizə təzyiq göstərmir”, yolun o tərəfinə keçib qərb KİV-nə deyir ki, “başınız xarabdır, biz niyə könüllü “Artsax”dan gedək?”. 

Belə şərəfsizlik dünya tarixində olubsa, mənə həmin paraqrafı və səhifəni göndərim oxuyum. 

Hələ məhkəmədə timsah göz yaşları tökən Vaqif Xaçatryanı demirəm. Bu nə teatrdır? Bu nə tamaşadır? Bu nə hay-şivəndir? Əli dirsəyinə qədər azərbaycanlı uşaqların qanına batıb, Xocalı rayonunun Meşəli kəndində Azərbaycandan olan şəxslərə qarşı soyqırımı və deportasiyada iştirak edib, indi bu timsah göz yaşların nəyin hoqqasıdır ay Vaqif?

İndi də erməni diasporu ağlayıb, üz cıraraq dünyaya qışqıracaq ki, “ay-haray erməniləri Bakıda ağladırlar! Rəsmi Bakının qurduğu məhkəmədə bizim Vaqulyanı ağlamaq tutdu və s.” 

Meşəlidə uşaqları tikə-tikə doğrayan kim idi bəs? Niyə “dünya” bizim uşaqlar üçün ağlamadı? İndi Vaqulyanın axıtdığı göz yaşlarına nota verir? Yoxsa erməni cinayətkarının canı daha şirindir? 

Bizim canımız can deyil? Niyə heç kimin vecinə deyildik indiyə qədər? Xocalı soyqırımının video və fotofaktları var axı əlimizdə… 

Mənim üçün Vaqif Xaçatryan bir cinayətkardır. Mənim dövlətim üçün də, xalqım üçün də o cinəyatkardır. İstəyir bütün dünya başını divara vursun, bu, heç nəyi dəyişmir. Vaqif Xaçatryan mənim xalqımın qanını içənlərdən biri olub. Onun üçün şəxsən mən ən ağır cəzanı tələb edirəm. Elə bir cəza ki, bütün “sarsaxlara” dərs olsun.

Sonda onu demək istərdim ki, mən dəfələrlə Şuşada olanda, Xankəndidə müvəqqəti yaşayan erməni silahlı qüvvələri, cinayətkarlar bizim paylaşdığımız foto-videoların altında təhdid və təhqir yazırdılar. Bizimkilərdən kimsə çox möhtəşəm cavab vermişdi onlara: “gedin Şuşadan atılan atəşfəşanlığa baxın!”

Bu gün isə biz Xankəndidəyik, varıq, olmuşuq və olacağıq!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir