Cəmiyyət

Xankəndidə sığınacaq yaradılıb – FOTO

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.

Onlar burada gündə üç dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.

Sığınacaqda çalışmaq üçün iki psixoloq və iki sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixososial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.

Artıq altı nəfər sığınacağa yerləşdirilib, bir nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.

Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşpaz, texniki işçilər və b. da ezam olunub.

Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə üç dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir