Cəmiyyət

Dövlətlərarası münasibətlərdə varislik ənənəsinin bəhrəsi

Sharing is caring!

     Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.

       1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.

        Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində dövlətlərarası münasibətlərin gücləndirilməsi, iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. Və bütün dünya bunları görür və təqdir edir. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.

        Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.

                                                                                                         Fuad Mürsəlli,

                                                             ADPU Cəlilabad filialının müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir