Cəmiyyət

Füzuli sakini: “Şanlı Qələbədən cəmi üç il sonra doğma yurdumuza qayıtmaq bizlər üçün qürurvericidir”

Sharing is caring!


“Yeddi yaşım olanda ermənilərin torpaqlarımızı işğal etdiyi zaman doğma yurdumuzdan ailəmizlə birlikdə köçkün düşdük. İllər boyu Vətən həsrəti ilə yaşadıq. 2020-ci ildə müzəffər Ordumuzun Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsinin sevincini yaşadıq. İndi 37 yaşımda uşaqlıq illərimin, xatirələrimin yarımçıq qaldığı doğma yurduma öz ailəmlə qayıtmışam”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzuli şəhərinə dönən keçmiş məcburi köçkün Elşən Şəmilov söyləyib:

“Bizim burada məhəlləmiz vardı – Əsəd Qarayev məhəlləsi adlanırdı. Həmin qəsəbəyə həm də Cinqov məhəlləsi deyilirdi. Yeddi yaşımda ikən buranı gözü yaşlı tərk etdim. Uşaqlıq illərim, xatirələrim köçkünlük illərində gözümün qarşısında canlanırdı. İndi arzularımız gerçək olub – yenidən doğma elimizə qayıtmışıq. Bu günləri bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm. Çünki onların sayəsində bizlər buradayıq. 27 il müddətində ermənilərin viran qoyduğu Füzuli azad edildikdən sonra yenidən çiçəklənir, buraya gəldikdə bir tərəfdə erməni vandalizminin izlərini görürüksə, digər tərəfdə dövlətimizin həyata keçirdiyi yenidənqurma işlərinin şahidi oluruq. Cəmi 3 il keçir Qələbədən. Artıq biz Füzuliyə qayıtmışıq, yeni evlər tam müasir şəkildə inşa edilərək bizlərə təhvil verilib. Bu evlər bizim gələcək xöşbəxt günlərimizin başlandığı ocaq sayılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir