Cəmiyyət

Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

Sharing is caring!


Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Bəs Bakı-Sumqayıt yolunda çəkilən avtobus zolağı sıxlığı azaldacaq?

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı-Sumqayıt şosesində avtobus zolağının çəkilməsi müsbət addımdır.

“Ancaq sərt nəzarət lazımdır. Bu zolağa girmənin cəzası 40 manat deyil, daha artıq olmalıdır. İlkin olaraq Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək avtobus zolağı 20 Yanvar metrosunadək uzadılsa, daha effektiv olacaq. Bu insanların ictimai nəqliyyata köklənməsinə daha da kömək edəcək. İllərdir ki, həmin yol genişləndirilirdi. Lakin yolun genişləndirilməsi həmin yolda tıxacın azalmasına səbəb olmadı”, – deyə ekspert əlavə edib.

O qeyd edib ki, tıxacın həllinin ilkin mərhələsi ictimai nəqliyyatın üstünlüyüdür.

“Avtovağzal yaxınlığında “park et və get” təşkil olunmalıdır. Nəzərə almalıyıq ki, avtovağzal həm də qovşaqdır. Buradan həm şəhərdaxili, həm də rayonlara gedən avtobuslar işləyir ki, bunun da əlaqələndirilməsi vacibdir. Biləcəri dəmiryol stansiyasını da əlaqələndirmək olar. Belə ki, Biləcəri dairəsi ilə metronun “Avtovağzal” stansiyası arasında piyada hərəkətində ciddi problemlər var. Ümumiyyətlə, bu məsələlər kompleks həll olunmalıdır”, – deyə o vurğulayıb.

Yerüstü Nəqliyyat Agentliyinin isə yaydığı məlumatda qeyd olunub ki, Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək) avtobus zolağı təşkil edilib.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir