Cəmiyyət

Qərbi Azərbaycandan olan 87 yaşlı Məcid baba: “Dərələyəzə qayıtmaq ümidim itməyib” – FOTO

Sharing is caring!


Ötən əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarından didərgin salınan ailələrdən biri də Məmmədovlar ailəsidir. 1949-cu ildə Dərələyəzdən deportasiya olunublar. Həmin zaman 13 yaşı olan Məcid Məmmədov 74 ildir doğma elinin həsrəti ilə yaşayır, lakin ümidini itirməyib. İnanır ki, o yerlərə yenidən qayıdacaq.

AZƏRTAC-ın bölgə müxbiri Məmmədovlar ailəsinin qonağı olub, Məcid babanın xatirələrini dinləyib.

Məcid Məmmədov hələ 13 yaşı olanda altı nəfərdən ibarət ailəsi ilə birlikdə Dərələyəz mahalının Ardaraz kəndindən məcburi çıxarılıb. Keşməkeşli həyatını dilə gətirən Məcid baba deyir ki, ermənilər Dərələyəz mahalına köçürülənə qədər güzəranları çox yaxşı olub. O günləri belə xatırlayır:

“Bizim yerlərin çox səfalı havası, bərəkətli torpağı, mənzərəli dağları, yaylaqları var. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Hər kəs əkin-biçinlə, bağ-bağatı ilə məşğul olurdu, bol məhsul götürərdik. Kolxozun ferması var idi, yağ, pendir istehsal edirdik. Lakin ermənilər o yerlərə köçürüləndən sonra qara günlərimiz başladı”.

Ermənilər Dərələyəzə köçürüləndən sonra yerli azərbaycanlı əhalini sıxışdırmağa, incitməyə başlayıblar. Bir müddət sonra isə azərbaycanlıları doğma yurdlarından zorla çıxarıblar. “Hətta bizə bir çox vəd verilmişdi. Deyirdilər ki, getdiyiniz yerlərdə evləriniz hazırdır, açarları sizi gözləyir. Heç bir əziyyət çəkmədən gedib yaşayacaqsınız. Amma məcburi köçürüləndən sonra, hətta yandırmağa odun belə tapmadıq. Qışın sərt aylarında yollarda çəkdiyimiz əzablar davam etdi”, – deyə Məcid baba söyləyir.

Məmmədovlar ailəsi əvvəlcə Saatlı rayonunun Əliabad kəndində yaşamalı olublar. Bir neçə ildən sonra Nərimankənd kəndində məskunlaşıblar. Amma ilk illəri heç də asan olmayıb, öz zəhmətləri ilə kənddə ev tikə biliblər:

“Dağ yerlərinin adamları olmuşuq hər birimiz, gəldik aran bölgəsinə. Hava şəraitinə uyğunlaşa bilmirdik, digər tərəfdən də şəraitsizlik çox çətin anlar yaşatdı bizə. Buraya gələnlərin çoxu xəstəlikdən öldü. Atam, anam da ağır xəstələndi, hətta mən də bir il xəstə yatdım. Beləcə çox çətinliklə uyğunlaşdıq bu yerlərə. Ailə üzvlərim Vətən həsrəti ilə köçdü bu dünyadan”.

Dərələyəzə qayıtmaq ümidi ilə yaşayır Məcid baba. Deyir ki, doğulduğu yerin dağları, yaylaqları yadından çıxmır. “O yerlərin təmiz havası, yaşıl meşələri, meyvə bağları, gözəl bitkiləri var. Darıxıram ora üçün. Çox vaxt yuxuda görürəm həmin yerləri. Dərələyəz mahalının hər dağına, hər daşına bələdəm, bu vaxta kimi də yaddaşımdan silinməyib. Çox gözəl xatirələrimiz qalıb o yerlərdə. Ən böyük arzum Ardaraz kəndini yenidən görməkdir. Qocalsam da, ümidim itməyib və arzularımın gerçək olacağı günü səbirsizliklə gözləyirəm”, – deyə Məcid baba Dərələyəzə qayıdacağı günü səbirsizliklə gözləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir