Cəmiyyət

“Bakı Metropoliteni”i: “Stansiyalarda xüsusi nəzarət mexanizmləri tətbiq edilib”

Sharing is caring!


Bakı metropoliteninin stansiyalarında sərnişin sıxlığının tənzimlənməsi məqsədilə səhər (7:00-10:00) və axşam (17:30-19:30) gur saatlarda, eləcə də tədris növbələrinin dəyişdiyi günorta vaxtlarında xüsusi nəzarət mexanizmləri tətbiq edilib.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, sərnişin sıxlığı zamanı platformaların ifrat yüklənməsinin qarşısını almaq, sərnişin axınını tənzimləmək məqsədilə eskalator meydançalarında, yuxarı vestibüllərdə və keçid və girişlərdə stansiyaların, müvafiq sahələr üzrə rəhbər və işçi heyətinin nəzarəti gücləndirilib.

Qatarların qapılarının saxlanması ilə yarana biləcək yubanmaların baş verməməsi, sərnişinlərin vaqonlara minib-düşməsinin sürətləndirilməsi məqsədilə ən sıx axın olan stansiyalarda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

“Sentyabr ayı ərzində, əsasən, hərəkət qrafikinə əməl olunub, ciddi problemlər yaşanmayıb”, – məlumatda vurğulanır.

Məlumata görə, mövcud vəziyyətə uyğun, günorta saatlarında ehtiyat qatardan istifadə olunması müntəzəm təmin edilir. Həmin vaxt “Gənclik”, “28 May” və “Elmlər Akademiyası” daha sıx stansiyalar olduğundan ehtiyat qatar “Nərimanov” elektrik deposundan xəttə çıxarılır. Səhər və axşam gur saatlarda texniki cəhətdən hazırda mümkün olan ən sıx qrafik tətbiq olunduğundan ehtiyat qatarlardan müntəzəm istifadə edilməsi qeyri-mümkündür. Bununla belə, qatarların hərəkətində müvafiq manevrlər və digər operativ tədbirlər nəzarətdə saxlanılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir