Cəmiyyət

Hərbçilərimiz necə qidalanırlar? – REPORTAJ + FOTO

Sharing is caring!


Bu gün qalib Azərbaycan Ordusunun silah-sursat və əşya təminatı yüksək səviyyədədir. 

Elə dünya ölkələri də ölkəmizin qüdrətinə 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərindən də şahid oldular. 

Bütün bunlarla bərabər, ərzaq təminatı da Ordumuzda əsas yer tutur. 

Biz də Oxu.Az olaraq hərbçilərimizin hansı qidalarla təmin olunduğunun şahidi olmaq üçün Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Ərzaq Anbarında olduq.

Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Saxlanc rəisi Bəhruz Əhmədov deyir ki, anbara gətirilən bütün ərzaq məhsulları laboratoriyada yoxlanışdan keçirilir:

“Tez xarab olan ərzaqların saxlanması üçün soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumlu saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi saxlanc və toxunulmaz ehtiyat ərzağının saxlanması üçün anbarlar mövcuddur”.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatlar aparılmağa başlanılıb. Həmin yeniliklərdən biri ordunun qidalanması olub. 

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaqla təminatı haqqında Əsasnamə” qüvvəyə minib.

Hazırda Azərbaycan Ordusunun ərzaq təminatı soyuducu konteynerlərlə çatdırılır. 

Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi polkovnik-leytenant Anar Məmmədov deyir ki, əgər anbara məhsul gəlirsə, mütləq hamısı laboratoriyadan keçirilir: 

“Ərazimizə yaxın Mərkəzi Baytarlıq Laboratoriyası var. Gətirilən məhsullar buraxılış məntəqəsində saxlanılır. Laboratoriyamızda götürülən nümunələr biokimyəvi analizdən keçirilir. Ekspertiza rəy versə ki, ərzaqlar yararlıdır, ondan sonra onlar anbara qəbul edilir.

Yoxlanılmayan heç bir məhsul anbarlarımıza daxil ola bilməz. Məsələn, ət konservidirsə, içərisindəki ət kütləsi nə qədər olması, yağlılığı, kütlənin qabın çəkisinə uyğunluğu yoxlanır”.

Burada hər bir məhsulun yoxlanma vaxtı var.

Yarmadan götürülən nümunə cavabı bir günə, konservlər üçün isə üç-beş günə məlum olur. Buradakı məhsullar radiasiya şüalanmasına kimi yoxlanılır.  -18 dərəcədən +5 dərəcəyədək temperatura malik müxtəlif anbarlarda yüksək keyfiyyətli məhsullar təlimata uyğun şəkildə qorunur. 

Anbarlarda olan zaman bizə hərbçilər üçün hazırlanan yeməklərdən də nümunələr göstərilir.

Bura – ət, toyuq konservləri, qarışıq dolma, ətli lobya, alma, şaftalı, armud, holland pendiri, xama, çərəzlər, şirniyyat ədviyyatları və sair daxildir.

Bir nəfər üçün nəzərdə tutulan yeyəcəklər normalara uyğun şəkildə “əsgər payı” adı ilə paketlənir.  

Bəhruz Əhmədov vurğulayıb ki, hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş, milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb:

“Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklərlə təmin etmək məqsədilə küftə, qarışıq dolma, ətli lobya konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına daxil edilib.

Dağ yerlərində də əsgərlər üçün ərzaqlar göndərilir”.

Hərbçilər Azərbaycan Ordusu tərəfindən gün ərzində üç dəfə yeməklə təmin edilirlər. Xüsusi Təyinatlı Qüvvələrə isə əncir qurusu, ləpə, xurma, şokolad günəbaxan halvası əlavə olaraq verilir.

Saxlanc yerlərində qarabaşaq, mərci, düyü, müxtəlif yarmalar saxlanılır. Digər anbarda şirələr və konservləşdirilmiş məhsullar saxlanılır. Temperatur da buna uyğunlaşdırılıb.

Burada tez xarab olan məhsullar üçün ayrıca soyuducu qurğular var ki, müsbət 5 dərəcəyə qədər işləyir. Saxlama temperaturu eyni olmayan məhsullar bir anbarda saxlanılmır. Bölgələrdə də anbarlar var.

Orada ərzaq paylamaq daha asan olsun deyə anbarların içərisindən dəmir yolu xətti keçir. Eyni zamanda lazım olsa, avtomobillər də var. 

Yüksək dağlıq şəraitdə yerləşən bölmələrə həm ərzaq məhsullarının daşınmasını, həm də yeməklərin ilkin emalını asanlaşdırmaq və yeməklərin vaxtlı-vaxtında keyfiyyətli hazırlanmasını təmin etmək üçün bir sıra təzə tərəvəz məhsulları quru tərəvəz məhsulları ilə əvəz olunub.

Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın onlara tam çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir.  

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir