Cəmiyyət

Bu il Avropadan 1 367 nəfər könüllü şəkildə Azərbaycana qayıdıb

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb.

Bu barədə “Report”a Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

2023-cü ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1367 Azərbaycan vətəndaşı könüllü olaraq Azərbaycana qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən bir nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.

Cari ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib.

Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirmiş, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb. Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib.

BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.

2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3 135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.

Hökumət və qeyri-hökumət qurumlarından olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərmişdir.

KQYR layihələri təhlükəsiz, nizamlı və qanuni miqrasiya prinsiplərinə uyğundur, miqrantların insan hüquqlarını qoruyur və müntəzəm miqrasiya strukturlarının və sığınacaq sistemlərinin bütövlüyünə töhfə verir.

Reinteqrasiya yardımı Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin, xüsusilə də təhlükəsiz və məsuliyyətli miqrasiyanın asanlaşdırılmasına yönəlmiş 10.7 hədəfinin həyata keçirilməsinə birbaşa töhfə verir. O, həmçinin Gündəliyin 10.2, 17.9 və 17.17 saylı hədəflərinə də töhfə verir.

KQYR layihələri, həmçinin Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Sazişlə, xüsusən də təhlükəsiz və layiqli qayıdış, readmissiya və davamlı reinteqrasiyanı asanlaşdırmaqda əməkdaşlığı vurğulayan 21 saylı Məqsədə uyğun gəlir. O, həmçinin 1, 3, 4, 7, 12 və 13-cü məqsədləri dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir