Cəmiyyət

Vüqar Qurbanov: “İcbari tibbi sığorta üzrə xidmətlərin artırılması xəstəxanalara axını çoxaldacaq” – FOTO

Sharing is caring!


“Xidmətlər zərfi”nə daxil olan tibbi xidmətlərin sayının artırılmasından öncəki icbari tibbi sığorta təminatına alınmış 2 550 sayda tibbi xidmətin 80%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilib, bunlar ambulator tibbi xidmətlər, laboratoriya xidmətləri, fizioterapiya və reabilitasiya xidmətləri, stasionar terapevtik xidmətlər, həmçinin, ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətləridir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

O bildirib ki, TƏBİB-in tabeliyində icra edilməyən xidmətlər isə vətəndaşlara İTSDA ilə müqaviləsi olan tibb müəssisələrinə TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən göndəriş vərəqəsi verilməklə təmin edilir:

“Ümumiyyətlə, xüsusi olaraq vurğulamaq istəyirəm ki, əvvəllər mürəkkəb əməliyyatları biz özəl tibb müəssisələrinə göndəriş etməklə icra edirdik, amma artıq əməkhaqqı sistemində aparılan islahatlar, xarici ölkələrdə təhsil almış və çalışmış həkimlərin tibb müəssisələrimizə cəlb olunması hesabına əlavə və dəyişikliklərdən öncəki 2 550 tibbi xidmətin hamısını təqdim edə bilirik. “Xidmətlər zərfi”nə yeni daxil olan tibbi xidmətləri, çətin əməliyyatları da icra edə bilmək üçün əlimizdən gələni edirik. Məsələn, hazırda Yeni Klinikada orqan köçürülməsi, süni mayalanma, mürəkkəb fizioterapiya əməliyyatları, robotik cərrahiyyənin icrasını planlaşdırırıq.

Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2 550-dən 3 315-ə qədər artırılması xəstəxanalara axını daha da çoxaldacaq. Məsələn, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3 000-dən çox xəstə müraciət edir, təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinika sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir