Cəmiyyət

Vətəndaşlar çürümüş, təhlükəli internet dirəklərindən narahatdırlar – AÇIQLAMA + FOTO

Sharing is caring!


Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi sakinləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən narazıdırlar. 

Bu barədə Oxu.Az-ın redaksiyasına kənd sakinləri müraciət ünvanlayıblar. 

Vətəndaşlar bildiriblər ki, kənd ərazisində yerləşən köhnə, çürümüş, artıq istismara yararsız hala düşmüş internet dirəklərindən narahatdırlar:

“Məsələ barədə dəfələrlə “Aztelekom” MMC-yə müraciət etsək də, nəticə yoxdur”.

Vətəndaşların narazılığı barədə “Aztelekom” MMC-yə sorğu ünvanladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırmanın nəticəsində məlum olub ki, Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində insan həyatı üçün təhlükəli dirəklər mövcud deyil:

“İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur. Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Hər hansı dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.

Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, hazırda “Aztelekom” MMC-nin Aran Regional Filialı tərəfindən Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində telekommunikasiya xidmətləri göstərilməkdədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellər və yeni dirəklərlə əvəzlənir.

Görülən işlər nəticəsində Ağcabədi rayon Nəcəfqulubəyli kəndinin də 2024-cü ilin sonuna kimi GPON texnologiyası ilə təmin olunacağı planlaşdırılır”.

“Qeyd edək ki, 2023-cü ilin səkkiz ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 55%-ə çatdırılması hədəflənib”, – deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir