Cəmiyyət

İndi danışmaq asandır

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Qarabağı tərk edən ermənilərdən biri təmiz Azərbaycan dilində deyir ki, “gərək evdə qalaydım, “raz” ki, evdən çıxmışam, gərək gedim”. Hələ bir əlavə də edir ki, İrəvandan bəlkə “Ursiyet”ə (Rusiyaya) getdim.

Rusiyaya eyni ilə bizim kimi “Ursiyet” deməsi məni onun Azərbaycan dilində danışmasından daha çox təəccübləndirdi.

Jurnalist daha sonra sual verir ki, “bəs kim çıxartdı səni evdən?” O da cavab verir ki, “kənd sovetindən gəlib dedilər ki, bütün kənd çıxmalıdır”. Yəni elə öz erməniləri ermənilərə deyib ki, çıxıb gedin.

24 saatlıq lokal antiterror tədbirlərindən sonra bölgəni tərk edən erməniəsilli vətəndaşların hər birindən bu cür müsahibənin alınması çox ağıllı və gözəl addımdır. Çünki vaxt keçər, zaman dönər, yenə hansısa qüvvələr əllərində bayraq edib düşəcəklər bizim üstümüzə ki, “ay-haray, bəs erməniləri belə qovdular, belə asıb-kəsdilər”.

Özümüzünküdür deyə demirəm, Baku TV-nin xüsusi müxbiri Fərdin İsazadə bu həssas günlərdə çox maraqlı müsahibələr alır. Və bu müsahibələr həm də daşdan keçəcək hüquqi və tarixi faktlardır.

Qayıdıram müsahibəyə. Fərdin məsələni daha da dəqiqləşdirmək üçün bir daha erməniəsilli vətəndaşa sual verir: “Onda belə çıxır ki, siz öz xoşunuzla gedirsiniz, sizə Azərbaycan tərəfi təzyiq etmir də?”

Erməni əsilli vətəndaş da deyir ki, “yox, yox…”

Və bununla da bölgəni tərk edən kəslər etiraf etmiş olurlar ki, heç kim bizə təzyiq göstərmir.

Bu bir neçə gündə bizim KİV vasitəsi ilə alınan müsahibələrin ən dadlı-duzlu məqamlarından biri də odur ki, müsahibə aldıqları erməniəsilli vətəndaşlar “martakert”, “stepanakert” deyən kimi bizimkilər səliqə ilə, heç tövrünü pozmadan, rahat amma əmin səslə düzəliş edirlər: Ağdərə, Xankəndi. Daha sonra yenə suallarını verməyə davam edirlər.

Müsahibə verənlərin əksəriyyəti deyir ki, “mən həmişə bilirdim ki, bura Azərbaycanın ərazisidir”. Və ya deyirlər ki, “əvvəllər azərbaycanlılarla mehriban və dost şəraitində yaşamışıq”. Bəziləri də qeyd edirlər ki, Bakıda təhsil alıblar, dostları da azərbaycanlılar olub və s… Yüzlərlə erməni əsilli adam eyni qəbildən söz deyir.

Və rahatlıqla “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib gedirlər.

İndi sual olunur, ey bəni-erməni övladı, madam bilirdiniz ki, bura Azərbaycanın ərazisidir, madam heç bir azərbaycanlı sizə bir pislik, yamanlıq etməyib, niyə rəvac verdiniz bu qədər qanın tökülməsinə?

Niyə 30 il əvvəl Qarabağda yaşayan üç-beş erməni ağsaqqalı qabağa düşüb bu oda-atəşə su səpmədi. Niyə öz cavanlarının başına ağıl qoymadı ki, “a bala, biz burada qonağıq, biz bura köç gəlmişik, belə etmək olmaz”.

İndi danışmaq asandır – “bura Azərbaycan ərazisidir”. Kaş ki, o vaxt deyilərdi bu sözlər.

Geriyə, 30 ilə baxanda deyirsən ki, gör bu müharibə olmasaydı, gör indi Azərbaycan nə cənnət idi. Təsəvvür edin ki, bu gün rəsmi Bakı gücünü ermənilər tərəfindən minalanmış ərazilərin təmizlənməsinə yox, Qarabağ ərazisində yeni tikinti işləri yönəldərdi. Düşmən tərəfindən yerlə-yeksan olunan Ağdamı yenidən daşbadaş bərpa yox, Ağdamı gələcəyin daha üst kosmik şəhəri edərdi.

Bir düşünün, biri var düzlüyü əvvəl minadan təmizləyəsən, sonra da yenidən, sıfırdan inşa edəsən. Biri də var olanın üstündə inkişaf edəsən. Hələ bunun üstünə Ağdam camaatının zirəkliyini, zəhmətkeşliyini gələk. Gör indi Ağdamda nə cəlal var idi də.

Düzdür, cənab prezident bütün viran qalmış əraziləri bərpa edir və edəcək. Necə ki, indiyə kimi bütün mümkün olmayanları etdi, digərlərini də edəcək.

Amma gör ərazilərimiz işğal altında olmasaydı, büdcənin çox hissəsi silahlanmaya və orduya getməsəydi, ölkəmiz nə olardı.

Ay Allah, bu nə gözəl günlərdir biz yaşayırıq, axı!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir