Cəmiyyət

Xaçmazda daha bir körpü uçmaq təhlükəsi ilə üz-üzədir – FOTO

Sharing is caring!


Xaçmazda daha bir körpü uçmaq təhlükəsi ilə üz-üzədir.

Bu barədə Xaspoladoba kənd sakinləri Bizim.media-ya məlumat veriblər.

Onlar bildirirlər ki, körpü təxminən 10-15 il əvvəl inşa edilib. Yaxınlıqda çınqıl sexi fəaliyyət göstərdiyi üçün körpüdən tez-tez yük avtomobilləri keçir. Bu səbəbdən körpü qəzalı vəziyyətə düşüb.

Kənd sakini Teymurşah Abdrahmanov deyir ki, hər an körpüdə faciə baş verə bilər:

“Biz təhlükə ilə üz-üzəyik. Əlaqədar təşkilatlardan xahiş edirəm, bu körpüyə bir əncam çəksinlər”.

Sözügedən əraziyə yollanan sayt əməkdaşı körpünün üzərində çatlar olduğunu və divar hissəsinin əyildiyini, həmçinin, polis əməkdaşının körpüyə nəzarət etdiyini müşahidə edib.

Məlumata görə, 10-15 il əvvəl parlament seçkisi ərəfəsində inşa edilən bu körpünü heç bir qurum balansına almayıb.

Bundan əlavə, bir neçə gün əvvəl Xaçmaz şəhərində Qudyalçay körpüsü uçduğu zaman hadisə yerinə gələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bu barədə məlumat verilib və sədr rayon rəsmiləri ilə həmin körpüyə baxış keçirib. Qərara alınıb ki, həmin körpüdə yük maşınlarının hərəkəti tam dayandırılsın, polis növbəliliyi təmin olunsun.

Artıq Xaspoladoba kəndindəki körpünü Xaçmaz Polis Şöbəsinin əməkdaşları mühafizə edirlər, yük avtomaşınlarının bu körpüdən keçidinə məhdudiyyət qoyulub.

Xaçmaz Rayon İcra Hakimiyyətindən isə sorğuya cavab olaraq bildirilib ki, Qudyalçay körpüsünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına keçməsi üçün quruma rəsmi məlumat verilib.

Xaçmazdakı 7 saylı Yol İstismar İdarəsinin rəisi Orduxan Həsənəliyev Xaspoladoba kəndindəki Qudyalçay körpüsünün onların balansında olmadığını bildirib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir