Cəmiyyət

Gedənlər qayıtmırlar…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Bu gün 15 sentyabr – Bilik Günüdür.

Şəxsən mən məktəbi sevmirdim. Kaş ki, elə mənə imkan verərdilər evdə oturub kitabları oxuyardım, özü də kiril əlifbasıyla.

Mənim məktəb illərimdə iki dəfə əlifba, 50 dəfə də dərslik dəyişdilər. Heç o dəyişən dərsliklər də yox idi. Beş şagirdə bir kitab vermişdi məktəb. İstəyirsən oxu, istəmirsən özün bil. Mən də gedib kitabxanadan rus dilindən kitab götürüb Azərbaycan dilinə tərcümə edib, konspekt yazıb dərs oxuyurdum. Məktəbin kitabxanası da biabırçı gündə idi.

Uzun sözün qısası, elə bil həyatımdan 11 ili oğurlayıb, əvəzinə heç nə verməyiblər. 

Sonra da müəllim yanına hazırlığa gedib ali məktəbə qəbul oldum. Necə ki, bu gün ölkədə təhsil alan şagirdlərin böyük əksəriyyəti müəllim yanına hazırlığa gedib ali məktəbə yüksək balla qəbul olurlar. Əgər ki, bu məktəb nə o vaxt, nə də indi işə yaramırsa, səhər tezdən ora getməyin nə mənası var? 

Həqiqətən də, sübh tezdən durub hələ şəhərin bu başından, o başına məktəbə gedənləri demirəm. Guya onunla nə olacaq ki? Onsuz da axırda hamı müəllim yanına hazırlığa gedəcək.

Bütün bu vurhavurda hələ də, adı olub özü olmayan biliyi tapmağa çalışırıq. Hələ bir gününü də qeyd edirik. Hansı bilikdən danışırıq görəsən?

Elə bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ölkədə 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. On yaşlı şagirdlərin 40 faizi isə tam olaraq oxuduğu mətni anlaya bilmir. 

Amma hamı məktəbə gedir. Hamı müəllim yanına hazırlığa gedir. Kursa gedir və s. 

Bu il ali məktəblər üçün keçid balları da xeyli aşağı düşdü. 200 balla xeyli adam pulsuz fakültələrə qəbul oldu. Bəxtmi, naxışmı, bilmirəm. Bircə onu bilirəm ki, bu qədər bal yığan o fakültədə bir şey öyrənə bilməyəcək. Məktəbdə üzündən oxuya bilməyən ali məktəb proqramını necə mənimsəyəcək görəsən? 

Təhsil üzrə ekspertlər də deyir ki, bu kimi tələbələr o fakültəni birtəhər bitirəcək, amma kadr kimi keyfiyyətli olmayacaq. 
Sonra da gəlib deyəcək ki, “diplom almışam ki, ofisiant işləyim?” Əslində haqlı da olacaq. Fakt ali təhsilli adamdır, ya özü oxuyub, ya da “oxuyan” ana-atası olub. Qiymətlər də birtəhər yazılıb. Amma baş boş, bilik yox. Lakin cəmiyyətə rişxənd etməyə haqqı var. Çünki birinci sinifdən bu adamlara bir şey öyrədilməyib. Nə evdə, nə də məktəbdə. Amma orta təhsil məcburidir. Lakin orta təhsilin heç aşağı səviyyəsi də yoxdur. Elə bir təhər yola verilir. 

Bu həngamənin daha da böyüməsi üçün həyatımızı alt-üst edən COVID pandemiyası da əlindən gələni etdi. Uşaqlar tam uzaqlaşdılar bilikdən. Onlayn dərslər olan-qalanını da apardı. 

Maraqlıdır bu gün görəsən, neçə nəfər həqiqətən də sevinə-sevinə bilik və elm dalınca məktəbə gedib?

Məncə bu sualın cavabını hamımız bilirik. Amma hamımız da bu teatrda öz rolumuzu oynayırıq. Qayğıkeş valideyn, səliqəli şagird, ziyalı müəllim və s. 

Amma bilik yoxdur. Olan da dünya standartlarına cavab vermir. Ayağı tutan, başı bir az işləyən də xarici ölkələrə bilik dalınca gedir – ucqar kənddən şəhərə gedənlər kimi. Lap XX əsrin əvvəllərində təhsil almaq üçün bizimkilərin Qori seminariyasına getməsi kimi. 
Sadəcə bir fərq var ki, Qoriyə gedənlər qayıdırdı, indi gedənlər qayıtmır. Açığı mən də qayıtmazdım. Çünki burada oxuduğunu anlayan çox az adam var. Bu da getdikcə azalır. Oxuyub gəlib kimə nəyi başa salacaqlar ki? Onsuz da bilən bildiyini edir, bilik olmasa da…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir