Cəmiyyət

Azərbaycanda ilk dəfə astronavtlarla bağlı xüsusi tədbir keçiriləcək

Sharing is caring!


“Keçən il bu konqres Parisdə olub. Bu il Azərbaycanda, gələn il İtaliyada, 2025-ci ildə isə Avstraliyada keçiriləcək. Azərbaycanın da ev sahibi kimi bu sıralarda olması hər birimiz üçün qürurvericidir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu konqresin elmi, biznes, mədəni hissəsi çox maraqlıdır:

“Bu proqram 2 oktyabr tarixində başlayacaq. Beş gün ərzində plenar, texniki tədbirlər olacaq, unudulmaz bir sərgi keçiriləcək. Konqresdə paralel olaraq hər il əlaqəli tədbirlər də həyata keçirilir. Bunlara misal olaraq qeyd edə bilərik ki, 29 sentyabr tarixində BMT-nin birgə seminarı nəzərdə tutulub. Oktyabrın 1-də nazirlər və parlament üzvlərinin beynəlxalq görüşü keçiriləcək. Oktyabrın 2-də artıq konqresin rəsmi açılış mərasimi olacaq.

Konqres çərçivəsində Azərbaycana ABŞ, Almaniya, İtaliya, Rusiya, Kanada, Yaponiya və digər ölkələrdən 20-dən çox astronavtın səfəri planlaşdırılıb.

Eləcə də, astronavtlarla bağlı xüsusi tədbir də gözlənilir ki, bu, ilk dəfə Azərbaycanda baş tutacaq”.

“Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən müxtəlif sayda tezislər daxil olub. Bu rəqəm ötən illərdə keçirilən konqreslərə daxil olan tezislərin sayından çoxdur”, – deyə Rəna Cəfərova qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir