Cəmiyyət

Məcnun Məmmədov: “Təhlükəli qida istehsal edən sahibkar son nəticədə hər birimizə zərər vurur”

Sharing is caring!


“Hər bir taxıl dənəsinin, hər kiloqram çörəyin və ərzağın qiymətli olduğunu, zəhmətlər və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik”.

“Report”un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentarius Komissiyasının fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən regional tədbirdə bildirib.

Nazirin sözlərinə görə, çıxdaş edilərək məhv edilən bu cür ərzaqlar dövlətin resurslarının israfı deməkdir:

“Bu səbəbdən ölkələrin qida təhlükəsizliyi sahəsində qəbul etdiyi qanunvericilik aktlarının ciddi tətbiqi həm də ölkələrin ərzaq təhlükəsizliyində böyük rol oynayır. Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsində öz töhfəsini verməkdə davam edərək, “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində aidiyyəti qurumlarla birgə bilavasitə iştirak edir.

Azərbaycan Ordusunun və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinə başlanılıb. Bu istiqamətdə kənd təsərrüfatına yararlı torpaq sahələri nəzarətə götürülərək, ekoloji təmiz və epizootoloji sağlam zonalar yaradılmaqla yüksək keyfiyyətli, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına başlanıb və bu sahə nazirliyin prioritetlərindən biridir”.

M.Məmmədov bildirib ki, bitki və heyvan sağlamlığı da nazirliyin daim diqqət mərkəzindədir:

“Bitkilər və heyvanlar üçün xüsusi təhlükə törədən zərərli orqanizmlərin məhv edilməsi, o cümlədən profilaktika işləri mütəmadi olaraq icra edilir. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsullarının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daim dövlətimizin diqqət mərkəzindədir”.

Nazir əlavə edib ki, Azərbaycan 2011-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş Kodeks Alimentarius Komissiyasına üzvdür. Onun sözlərinə görə, Kodeks Alimentarius Komissiyası beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları bu beynəlxalq qida ticarətinin təhlükəsizliyinə, keyfiyyətinə və ədalətinə kömək edir, hər zaman, hər yerdə, hər bir insanın yüksək keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilən qida ilə təmin edilməsində öz töhfəsini verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir