Cəmiyyət

Keçilməz Binə yolları, cavab verə bilməyən qurumlar… – FOTO

Sharing is caring!


Bakının Xəzər rayonu, Binə qəsəbəsi İlqar Əhmədov küçəsinin yolları keçilməz vəziyyətdədir.

Bununla bağlı “Qafqazinfo”ya həmin küçənin sakinləri müraciət ediblər.

Vətəndaşların sözlərinə görə, küçənin yollarının vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər:

“Yağış yağan zaman ümumiyyətlə yollardan istifadə etmək mümkünsüz olur. Nə piyada hərəkət etmək olur, nə də avtomobillə. Dəfələrlə müraciət etmişik. Heç kim baxmır”.

Şikayətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, onlar da aidiyyəti üzrə müraciət ediblər:

“Məlum olduğu kimi, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Bununla əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Binə qəsəbəsində istismara yararsız yolların təmiri işlərinin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.

Əlavə olaraq bildiririk ki, Binə qəsəbəsi, İlqar Əhmədov küçəsində yolların əsaslı təmiri və yenidən qurulması işlərinin aparılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təkrar müraciət edilib”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə qeyd edilib ki, qəsəbədaxili küçə və yollar agentliyin balansında olmadığı üçün bununla bağlı hər hansı bir fikir bildirmək mümkün olmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir