Cəmiyyət

Yeni dərs ilinin köhnə qayğısı: Ali məktəblərin yataqxana problemi həllini tapmır – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Yeni tədris ilinin başlamasına az müddət qalıb. Tələbələrin həll etməli olduğu vacib məsələlərdən biri yaşayış yeri ilə bağlıdır. Çünki uzun illərdir Azərbaycanda ali məktəbdə oxuyanların yataqxana problemi həllini tapmır.

“Report” yeni tədris ilində tələbələrin yataqxana problemi ilə bağlı araşdırma aparıb, bir neçə universitetin yataqxanasındakı vəziyyəti öyrənib.

Bakı Dövlət Universitetindən (BDU) verilən məlumata görə, Tələbə Evi 220 nəfərlikdir və universitetin yaxınlığında yerləşir.

Qeyd olunub ki, Tələbə Evində camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları mövcuddur: “Bir nəfər üçün aylıq qiymət 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2 500 – 3 000 tələbənin qalmasına imkan verəcək”.

Azərbaycan Dövlət Pedoqoji Universitetindən (ADPU) bildirilib ki, universitetin Bakı şəhərində 5 yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1 603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb.

“ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Seçimdə sosial həssas qrupdan olan xanım tələbələr nəzərə alınır. Bu yataqxanada 217 nəfər yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Yataqxana tam təmirlidir və yaşayış üçün lazım olan bütün zəruri avadanlıqlarla təmin edilib. Kommunal xərclər və internet xidməti ödənişə daxildir. Yataqxanaya müraciət etmək istəyən xanım tələbələr rektorun adına ərizə ilə müraciət etməlidirlər”, – ali məktəbdən bildirilib.

Azərbaycan Texniki Universitetindən (AzTU) qeyd olunub ki, tələbə şəhərciyi 1965-1970-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir:

“Bu binalarda 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 5 korpusdan ibarət böyük yataqxana kompleski mövcuddur:

“Hazırda yataqxana kompleksinin dörd korpusundan istifadə etmək mümkün deyil. Bu yataqxana kompleksində Birinci Qarabağ müharibəsi zamanı qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımız yerləşib. Hazırda onlardan bir qismi orada yaşayır, yataqxananın müəyyən hissəsi isə yararsız hala düşüb. Ona görə də sözügedən 4 korpus yox, yalnız 1 korpus tələbələrin ixtiyarındadır. Orada təxminən 450-yə yaxın oğlan və qız tələbə yerləşdirilir. Yataqxanada tələbələrin yerləşdirilməsi onların müraciəti əsasında aparılır. İlk növbədə sosial həssas qrupa daxil olan və regionlardan gələn tələbələrə üstünlük verilir. Həmin şəxslər yataqxanaya yerləşdirilir. Orada həm qızların, həm də oğlanların qalması üçün şərait var. Yataqxana lazımi əşyalarla və internetlə təmin olunub, yeməkxana və 24 saat fəaliyyət göstərən mühafizə xidməti mövcuddur. Aylıq ödəniş isə 60 manat təşkil edir, ötən illə müqayisədə heç bir fərq yoxdur. Bu, yataqxananın saxlanılması və cari xərclərin qarşılanması üçün alınır. Yataqxana sosial həssas qrupa daxil olan şəxslər üçün isə ödənişsizdir”.

Azərbaycan Tibb Universitetinin (ATU) hazırda 4 yataqxanası fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb:

“Yataqxanaların ümumi tutumu 1160 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrin yerləşdirilməsi prosesi başlayır. Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələr 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq 50-140 manat aralığında dəyişir. Kommunal xərclər universitet tərəfindən ödənilir. Lakin şəhid ailələrindən olan və valideyn himayəsindən məhrum tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir. Yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Azərbaycan Dillər Universitetinin (ADU) isə yalnız qız tələbələr üçün olan yataqxanası mövcuddur:

“İstər ADU, istərsə də digər universitetin tələbələrini bacardığımız qədər yataqxanada yerləşdirməyə çalışırıq. Yataqxana əla təmirli olmasa da, tələbələrin yaşaması üçün hər bir şərait, o cümlədən, internet var. Kommunal xidmətlər ödənişə daxildir. Qiymət ADU tələbələri üçün 30 manat, digər universitetin tələbələri üçün 50 manat təşkil edir. Hazırda yataqxanada 200-ə yaxın tələbəni qəbul etmək üçün yer var”.

Təhsil eksperti Adil Vəliyev bildirib ki, bəzi universitetlərin yataqxanaları olsa da, ya bu yataqxanaların sayı kifayət qədər deyil, ya da yataqxanalardakı otaqların sayı tələbələrin sayına uyğun deyil:

“Bəzən də elə olur ki, tələbələrin tələbləri fərqli olur və yataqxanadakı şərait onları qane etmədiyindən orada qalmırlar. Yataqxana problemi tələbələrin keyfiyyətli təhsil almalarına mane olur”.

Onun sözlərinə görə, bir çox universitetlər böyük şirkətlərlə əməkdaşlıq edir. Ekspert hesab edir ki, bu əməkdaşlığın istiqamətlərindən biri də yataqxanaların tikintisi ilə bağlı ola bilər:

“İstər nazirlik, istərsə də universitet səviyyəsində iş adamlarına müraciət oluna bilər. İş adamları müəyyən obyektləri götürüb, yataqxana tipli inşa edərək kirayə verə bilərlər. Yaxud da iş adamları ilə danışılıb yeni obyektlər tikmək də mümkündür. Biz görürük ki, hər il yeni-yeni müəssisələr tikilir. Niyə də bunlardan bir neçəsi təhsilimiz üçün olmasın?! Çünki yataqxana problemi tələbələrin dərs oxumasına da təsir göstərən amildir. Bu çətinlik həll olunarsa, tələbələr rahat şəkildə dərslərini oxuya bilərlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir