Cəmiyyət

Hərbi Prokurorluq: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyitlərinin qalıqları aşkar edilib

Sharing is caring!


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız artıq işğaldan azad olunub. Azərbaycan Prezidentinin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. 

Hərbi Prokurorluq bildirir ki, Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitlərinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir