Cəmiyyət

Füzuli sakini: “Doqquz nəvə və üç nəticəmlə geri qayıtmışam”

Sharing is caring!


“Füzuli işğal olunanda, biz məcburi köçkün düşəndə 35 yaşım vardı, 4 uşaq anası idim, indi isə 65 yaşındayam, 9 nəvə, 3 nəticəmlə doğma yurdumuza geri qayıtmışıq”.

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında bu gün Füzuliyə köçürülən Gülbahar Nəsirova deyib.

“Doğma yurdumuzdan didərgin düşəndə övladlarım körpə idi. Onlara hər zaman yurd sevgisi aşılamışıq. Övladlarımın Füzuliyə sevgiləri heç vaxt bitməyib”, – deyə o əlavə edib.

G.Nəsirova oğlanlarından birinin Füzuliyə ilk köçdə qayıtdığını söyləyib.

“Bu gün isə hamımız qayıtdıq. Hər birimiz bu günü səbirsizliklə gözləyirdik. Məcburi köçkün düşdükdən sonra çox əziyyətli günlərimiz olub. Füzulidən çıxandan sonra Merdinli kəndində məskunlaşdıq, bir il orda yaşadıqdan sonra isə Beyləqana köçdük. Orada da cəmi bir il qaldıq. Sonra bir aylıq Mingəçevirdə məskunlaşdıq. 1993-cu ilin avqust ayının 25-də isə Sumqayıt şəhərinə köçdük. Ağır günlər idi”, – deyə Füzuli sakini bildirib.

G.Nəsirova Füzulidə onlara yaradılan şəraitdən və verilən evdən çox məmnun qaldıqlarını da vurğulayıb.

Qeyd edək ki, bu gün “Qobu Park-3” yaşayış kompleksində məskunlaşmış Füzuli şəhərindən olan keçmiş məcburi köçkünlərdən 25 ailənin 102 üzvü doğma yurda qayıdıb.

Füzuli şəhərində yeni mənzillərin açarları sakinlərə təqdim olunub və onlar yeni mənzillərində yerləşdiriliblər. Bununla da Füzuli şəhərində 95 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir