Cəmiyyət

Vüqar Bayramov: “Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma var”

Sharing is caring!


“Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Belə ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka krediti yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində iki dəfəyə yaxın azalma qeydə alınıb”.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Digər tərəfdən, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk üç bank istisna olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır”, – deputat bildirib.

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır:

“Bu, bir tərəfdən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən, real sektoru canlandırır. Ona görə də Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin endirilməsi vacibdir. Bu, vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub-saxlanması baxımdan əhəmiyyətlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir