Cəmiyyət

Əsassız yerə işdən çıxarılıb sonra bərpa edilən işçiyə əməkhaqqı necə hesablanır? – AÇIQLAMA

Sharing is caring!


İnsan hər zaman özünə haqsızlıq edildiyini düşünməyə meyillidir. İstər dostlar arasında, istər işdə, istərsə də ictimai yerlərdə xoşa gəlməyən bir hadisə olanda sanki kiminsə qərəzli münasibəti olduğu düşünülür. Amma bəzən bu düşüncələrdə haqlı ola bilirik.

Tez-tez çalışdığı müəssisədə haqsızlığa uğradığını deyən insanlarla rastlaşırıq. Haqlı olanlar da var, olmayanlar da. Bəs işəgötürən işçiyə qarşı ədalətsiz mövqe sərgilədiyi zaman, haqsız yerə işinə xitam verərsə, bu hallar necə tənzimlənir? Bəzən haqsızlıq edildiyi aydınlaşdığı zaman şəxslər çalışdıqları vəzifəyə yenidən bərpa olunurlar.

Qanun bu durumda hansı öhdəlikləri qoyur?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.

Onun sözlərinə görə, bu sahədə maraq doğuran mövzulardan biri də, əsassız yerə işdən çıxarılmış işçinin işə bərpa edilməsi zamanı əməkhaqqının ödənilməsi ilə bağlıdır:

“Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır”.

Oxuculara daha aydın olsun deyə nümunə ilə izah qeyd edirik.

Məsələn,  01.02.2021-ci il tarixdə müəssisədə montajçı vəzifəsində çalışan Amil işdən çıxarılmış və yerinə Tural işə qəbul edilib. Amil işdən çıxarılmanın əsassız olması ilə bağlı məhkəməyə müraciət etmiş və 01.06.2021-ci il tarixdə Amilin işinə (vəzifəsinə) bərpa edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müəssisəyə təqdim edilib. Bu halda, Amil və Turalla olan əmək münasibətləri necə tənzimlənəcək?

Məhkəmənin qanuni qüvvəyə minmiş qərar və qətnamələri müəssisə tərəfindən icra edilməlidir. Ona görə də, Turalın əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə (əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda) əsasən xitam verilərək müvafiq ödənişlər edilməli və işdən azad edilməlidir.

Amil məhkəmənin qərarına əsasən, həmin tarixdən işinə bərpa edilməli və ona əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün əməkhaqqı ödənilməlidir. Həmin müddət məcburi işburaxma dövrü hesab edilir.

Məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verərsə, işəgötürən itirilmiş əməkhaqlarını ödəməlidir.

Ekspert əlavə edib ki, qeyd edilən nümunəyə görə, Amilin maaşının 570 manat olduğunu fərz edək:

“Belə olan halda ona dörd ay üçün (fevral, mart, aprel, may) əməkhaqqı hesablanaraq müvafiq tutulmalar olduqdan sonra ödənilməlidir. Amilə məcburi işburaxma dövrü üçün 570 x 4 = 2280 AZN əməkhaqqı hesablanacaq.

Amilin dörd ay işləmədiyi müddət məcburi işburaxma dövrü hesab edilir və Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, onun əmək stajı və sosial sığorta stajına daxil edilir. 132-ci maddənin “b” bəndinə əsasən, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü əmək stajı hesablanarkən daxil edilən dövrlərə daxil edilir.

Amil işəgötürənin təşəbbüsü və özünün razılığı ilə öz vəzifəsindən aşağı olmayan başqa işə də keçirilə bilər. Bu halda, Turalın əmək müqaviləsinə xitam verilməyəcək, həmin müəssisədə başqa bir işlə təmin olunacaq. Amil isə başqa işə keçirildiyi və ya öz vəzifəsinə bərpa edildiyindən asılı olmayaraq ona məcburi işburaxma dövrü üçün əməkhaqqı hesablanıb ödəniləcək və həmin müddət onun stajına daxil ediləcək.

Qeyd edilən hallar işəgötürən tərəfindən müvafiq əmrlərlə rəsmiləşdirməlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir