Cəmiyyət

Baş seysmoloqdan 9 ballıq təkanlarla bağlı iddiaya cavab: “Zəlzələ bölgəsində qızılgül bitməyəcək ki…” – FOTO

Sharing is caring!


“Bu işdən xəbəri olmayan, adını alim qoyanlar deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq”.

Bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, belə danışanlar boşboğazlardır, bu işlə məşğul olmayanlar, ümumiyyətlə zəlzələnin necə baş verdiyini, dalğanın haradan gəldiyini bilməyənlərdir:

“Oturub ağızlarına gələni yazırlar, deyirlər. Mən elə şeylərə fikir vermirəm. Bütün respublika üzrə zəlzələ tədqiqatını ən müasir aparatlarla həyata keçirən cəmi bir qurum var. Bizim təşkilatdan bir nəfərin adı çəkilsin ki, nə vaxtsa ağzına gələn boş sözü desin. Bu işdən xəbəri olmayan, adını alim qoyanlar deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq”. Bu yaxınlarda Cəlilabadda baş verən zəlzələnin ardınca saytların biri yazıb ki, “Bəs seysmoloq deyirdi, zəlzələ olmayacaq?”

Q.Yetirmişli bir daha xatırlatma edib ki, yaxın günlər üçün dağıdıcı zəlzələ ehtimalı yoxdur:

“Mən hər zaman demişəm, yenə də təkrar edirəm, yaxın günlər üçün dağıdıcı zəlzələ ehtimalı yoxdur. Beş bala kimi olan zəlzələ böyük zəlzələ deyil. Çünki zəlzələlərin də kateqoriyaları var. Bu, elmdir, bundan xəbəri olmayanlar danışırlar. Cəlilabadda bir dənə ev dağıldı? Əlbəttə ki, yox. Sözüm odur ki, nəsə deyəndə düşünün, ağlınız olsun! İndi telefonumda bildirişlər də var. Gecədən bu yana 40-dan çox yeraltı təkanlar olub. Biri də hiss edilməyib. Mən deyirəm ki, zəlzələ olmayacaq? Zəlzələ bölgəsində qızılgül bitməyəcək ki, zəlzələ olacaq da… İnsanlardan xahiş edirəm, boş-boş şeylərə inanmayın”.

“Kim deyir ki, İstanbulda zəlzələ olmayacaq? Altı aydır bar-bar bağırırlar. 20 milyon əhalisi olan şəhər otursun gözləsin ki, zəlzələ olacaq? Bəli, İstanbul zəlzələ bölgəsidir. Şəhərin əsas təhlükəsi Mərmərə dənizində olan aktiv tektonik qırılma ilə bağlıdır. İstanbulda elə evlər var ki, 100 il əvvəl tikilib və istismar müddətini başa vurub. Mən özüm də gedəndə görmüşəm ki, bəzi binaların daşları ovxalanıb tökülür. O binalar böyük silkələnmədə darmadağın olacaq”.

Seysmoloq telefonlara gələn zəlzələ bildirişinə də münasibət bildirib:

“Dörd baldan yuxarı zəlzələlər bölgə üzrə əhaliyə bildiriş kimi göndərilir. Ölkənin bir bölgəsində kiçik yeraltı təkan olanda başqa bir bölgədə hiss edilmirsə, həmin insanlar niyə boş yerə təşvişə düşməlidirlər? Yaşlısı var, xəstəsi var, lazım deyil axı boş yerə narahatlıq keçirsinlər. Ona görə də bir daha insanlara bildirmək istəyirəm ki, boş fikirlərə aldanmasınlar, narahatlıq keçirməsinlər”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ölkəmizdə güclü zəlzələ olacağı ilə bağlı iddialar dolaşır. Hətta iş o yerə çatıb ki, artıq günü, saatı və bölgəsi də qeyd olunmaqla 8-9 ballıq zəlzələnin baş verəcəyi deyilir. Rəsmi qurumlar isə əhaliyə narahat olmamağı, belə müraciətlərə aldanmamağı tövsiyə edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir