Cəmiyyət

Qarabağa artıq binoklla baxırlar…

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Sizi bilmirəm, mənim uşaqlıq travmalarımın əksəriyyəti Qarabağ münaqişəsi ilə bağlıdır.

Baxmayaraq ki, Bakıda doğulub böyümüşəm, amma baş verənlər mənə həmişə çox ağır təsir edib. Bəlkə də atam Şuşadan idi, ona görə… Elə bu gün də geri baxanda eyni hissləri yaşayıram. İtirilən torpaqlar, şəhidlər, ağır şərait və s.

O illərlə bağlı daha bir travmam ATƏT və Anji Kaspşiklə bağlıdır. O adamı indi də görəndə elə bilirəm, mən qazanıram o yeyir. O vaxt, dünya birliyi çox düşünüb-daşınıb axırda bir qrup doğdu, adını da qoydu ATƏT-in Minsk qrupu. Məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh və danışıqlar vasitəsi ilə həlli idi.

Amma ortada heç nə yox idi. 1992-ci ildən bu qrup, başında da Anjey Kaspişk hər iki-üç aydan bir gəlirdi Bakıya, yeyib-içirdi, axırda da verilən suallara “əqri viz yu” deyib, oradan da guya münaqişə yerini uzaqdan müşahidə edib qayıdırdı xarabasına. Və bu get-gəllə Anji Kaspşikin ilk dəfə Bakıya ayağını qoymasından axırıncı dəfəyə kimi neçə nəsil böyüdü, o vaxt balaca uşaq olanlar evlənib uşaq sahibi oldular. Anji Kaspşik və Minsk qrupu da bu illər ərzində Qarabağ münaqişəsinin “sülh yolu ilə” həlli üstündə “baş sındırdılar”. Düzdür, ortaya bir zad çıxara bilməsələr də bu get-gəllərin ardı-arası kəsilmirdi. Hər dəfə də bunlar dəstə-tifaqla gələndə televiziya kanallarında süjet gedirdi. Qırmızı xaçlı, ağ bayraqlı səhra maşınları atəş xəttinə doğru hərəkət edir, bir dəstə xarici vətəndaş guya nəsə deyir, sonra maşınlar əks istiqamətə qayıdırdılar. Axırda da Anji Kaspşik standart, əzbərlənmiş cümlələri ona uzanan mikrofonlara səsləndirir, atəşkəsin kim tərəfindən pozulduğuna dair narahatlıq bildirir, müşahidə etdikləri barədə məruzə edirdilər. Bununla da süjet bitirdi.

Bu siyasi eskortlar hər dəfə Bakıya gedib-gələndə, yalandan üzümüzə güləndə, “əqri viz yu” deyəndə əminəm ki, heç ağıllarına belə gəlməzdi ki, bir gün onlara qapı göstəriləcək. Qısa tarixə keçid edib qayıdıram bugünkü məsələyə.

Əgər yadınızdadırsa, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il dekabrın 12-də ölkə başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dən olan həmsədrlərini qəbul etmişdi. Həmin görüşdən ölkə başçısının əfsanəvi, dillər əzbəri olan çıxışından sitat gətirirəm:

“Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

Bu o demək idi ki, sizin əzbərlənmiş, klişe cümlələrinizi 28 il dinləmişik və siz heç nə etməmisiniz. Yalandan danışıqlar üçün imitasiya yaratmısınız. Yalançı təbəssümlərlə “əqri viz yu”lar demisiniz. Hər dəfə görüşlərdə məhz rəsmi Bakıya təzyiq göstərirdilər ki, status-kvo ilə barışın. Ermənilərin işğal etdiyi ərazilərlə barışın. Bitdi, bağlandı, “əqri viz yu”.

2020-ci ildə bütün reallıq dəyişdi. Şuşa da, Hadrut da, digər işğal altında olan ərazilər də işğaldan azad olunaraq Azərbaycanın suveren ərazilərinə birləşdirildi. Və yenə də həmin görüşdən prezident İlham Əliyevin fikirlərini qeyd edirəm: “Biz status-kvonu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”. Və nida!

Niyə bütün bunları yazıram, çünki həmin siyasi eskortlar, elə başda Anji Kaspşik bu dəfə gəlib Ermənistana, guya Qarabağda olan blokadanı araşdırmağa. Oradan da Mirzəyanla görüşüb. O ki var dərdləşiblər. Bu gün isə gedib Ermənistanın Laçınla həmsərhəd Kornidzor kəndinə, məlum TIR-ların yanında şəkil çəkdirib, oradan da Laçın yolunda qurulan və Azərbaycan bayrağı altında fəaliyyət göstərən posta baxıb, köks ötürüb gedib. Bərk narahat olduğunu da qeyd edib. Adamın üstündə Allah var, nə də olmasa Minsk qrupu bu 28 ildə nəyi var “narahat” oldu. Lap çox da 2020-ci ildə narahat oldu. Çünki Azərbaycan ordusu həm də bu qrupun üstündən xətt çəkdi. Anji Kaspşik və onun kimilərin də bununla kitabı bağlandı.

İndi Azərbaycan ərazisinə ancaq binoklla baxa bilir. Yadına ötən günləri salır yəqin. Niyə yadına salır deyirəm? Çünki, erməni mətbuatının məlumatına görə, Mirzəyanla görüşəndən sonra Kaspşik Bakıya da gəlmək istəyib. Qarabağdakı “blokadanı” müzakirə etmək üçün. Bakı da deyib ki, bu məsələdə “əqri viz yu” deyə bilmərik, ona görə də gəlməyə ehtiyac yoxdur. Əziyyət çəkməyin, sağ olun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir