Cəmiyyət

“Azərsu” tanınmış həkimin həbsini tələb edir, Zaur Orucov isə yalnız öz hüquqlarını müdafiə etdiyini deyir

Sharing is caring!


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı məhkəmə iddiası qaldıraraq, onun 6 ay müddətinə həbsə məhkum edilməsini istəyib.

Media.Az həkimlə “Azərsu” ASC arasında baş verən münaqişənin təfərrüatını aydınlaşdırmaq üçün hər iki tərəflə əlaqə saxlayıb.

“Hələ bir il əvvəldən suyun kəsilməsi ilə bağlı problem yaşanıb. Məsələ burasındadır ki, “Azərsu” ilə Binəqədi rayon Mənzil Tikinti Kooperativi (MTK) arasında uzun müddətdir ki, sakinləri su ilə təmin olunmasının kimin öhdəliyinə düşməsi ilə bağlı mübahisələr gedir. Hələ bir il əvvəl suyun müntəzəm və uzun müddətli kəsilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciətlər ünvanlayıb, ictimaiyyətin diqqətini problemə cəlb etməyə çalışırdım. Uzun müddət davam edən şikayətlər öz bəhrəsini verdi və suyun verilişi bərpa olundu. Amma bu il avqustun əvvəlində problem yenidən təkrarlandı, 10 gün ərzində suyumuzu kəsdilər” – deyə  Zaur Orucov vurğulayıb.

Terapevtin sözlərinə görə, o, dəfələrlə “Azərsu”nun qaynar xətti ilə əlaqə saxlayıb, lakin qurumdan ona şablon cavablar verilib və suyun verilişinin nə zaman bərpa ediləcəyi bağlı məlumat verilməyib.

“Bu münasibət mənim əsəblərimə toxundu, nəticədə problemlə bağlı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə emosional videomüraciət yayımladım. Etiraf edim ki, etika baxımından bu heç də yaxşı görüntülər deyildi. Videonu paylaşandan az sonra peşman oldum və videonu silməyə çalışdım, amma texniki nasazlıq yarandı və yalnız bir neçə gündən sonra videonu silmək mümkün oldu”, – terapevt açıqlamasında söyləyib.

Məhz bu ərəfədə “Azərsu”nun Binəqədi rayonundakı qurumundan, həmçinin “Azərsu”nun baş idarəsindən həkimlə əlaqə saxlayıblar.

 Zaur Orucov bildirdi ki, telefon danışığı kifayət qədər mehriban şəraitdə keçib və su təchizatı bərpa edilib. Üstəlik, terapevtə bildirilib ki, şikayət etməklə o, doğru addım atmış olub.

“Mən həmçinin başqa bir video da çəkdim, orada əvvəlki paylaşımımda sərt ifadələrə görə təəssüfləndiyimi qeyd etdim və bunu son dərəcə emosional vəziyyətdə etdiyimi vurğuladım. Amma buna baxmayaraq, “Azərsu” məni məhkəməyə vermək qərarına gəldi. İttiham edildiyim maddə ilə mənə qarşı altı ay həbs cəzası nəzərdə tutulub. Söhbət təkcə həbs cəzası deyil, bu həm də hüquqlarım uğrunda mübarizə apardığım üçün mənim reputasiyama vurulan zərbədir” – həmsöhbətimiz vurğulayıb.

“Mən tez-tez müxtəlif qanun pozuntuları ilə bağlı müraciətlər yazmışam və digərlərini də belə məsələlərə biganə qalmamağa çağırmışam. Su təchizatı məsələsində də mən haqqımızı tələb etmişəm, hətta “Azərsu” rəhbərliyi də hesab edir ki, mən düzgün iş görmüşəm, amma ASC-nin hüquq şöbəsi emosiyonal halda etdiyim səhvi əsas götürərək məni cəzalandırmağa çalışır. Belə çıxır ki, məni ədaləti bərpa etmək üçün etdiyim fəallığa görə cəzalandırmaq istəyirlər. Təbii ki, mən özümü, haqqımı müdafiə edəcəm. Mən Binəqədi Rayon Mənzil Tikinti Kooperativi ilə birlikdə əks iddia qaldıracağam. İstəmirəm ki, ailəm hər an yenidən suyun kəsiləcəyi qorxusu ilə yaşasın. Ona görə də mənə bu iş üzrə konkret və ədalətli qərar lazımdır ki, bu qərar sayəsində “Azərsu” anlasın ki, o, məni su ilə təmin etməyə borcludur” – Zaur Orucov vurğulayıb.

Öz növbəsində, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu məsələ ilə bağlı ətraflı açıqlama verməsə də, səhmdar cəmiyyətin təhqirə görə Zaur Orucova qarşı məhkəmə iddiası qaldırdığını təsdiqləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir