Cəmiyyət

Qız qaçırmaq istədi, amma ayaqqabısını hadisə yerində qoyaraq qaçdı

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamin Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Quliyev barəsində 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 4 sentyabr 2021-ci tarixdə, saat 18 radələrində Kürdəmir rayonu, Beyi kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1996-cı il təvəllüdlü Z.Quliyev yaşadığı evin yerləşdiyi küçədə həmkəndlisi, zərərçəkmiş Aminə Əliyevaya (şərti) yaxınlaşaraq,  evlənmək məqsədilə onu qaçıracağını deyib.

Lakin qadın Z.Quliyevə rədd cavabı verib və qışqırmağa başlayıb. Bunu görən Zamin həmkəndlisinə fiziki güc tətbiq edərək, onu qucağına alıb və öz evləri istiqamətində qaçırıb. O, bir neçə metr hərəkət etdikdən sonra zərərçəkmiş şəxs qışqıraraq səs-küy salıb, təqsirləndirilən şəxsə müqavimət göstərməklə əlindən çıxıb.

Daha sonra Aminə küçədə yolun kənarındakı metal qaz borusundan yapışıb. Bu zaman Zamin yenidən ona zor tətbiq etməklə çəkib aparmaq istəyib. Zərərçəkmiş şəxs yenidən qışqırıb kömək çağırıb, ona israrlı müqavimət göstərib. Həmin vaxt kənardan digər şəxslər gəlib. Bunu görən Zamin isə Aminəni buraxıb, ayaqqabısını da hadisə yerində qoyaraq qaçıb.

Polis əməkdaşları tərəfindən saxlanılan Z.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib və ona qarşı Cinayət Məcəlləsinin adam oğurluğuna cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Quliyev hadisəni törədən vaxt Kürdəmir Rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir