Cəmiyyət

Komitə büdcə vəsaitini aşıb? – AÇIQLAMA

Sharing is caring!


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qurumun büdcəsinin icrası ilə bağlı yayılanlara aydınlıq gətirib.

Dövlət Komitəsindən bildirilib ki, məlumatda komitə tərəfindən dövlət satınalmalarına ayrılan maliyyə vəsaiti ilə bağlı onun üçillik büdcə vəsaitini aşan şişirdilmiş rəqəmlər göstərilib və əsassız ittihamlar yer alıb:

“Bu cür məlumatların ictimaiyyətdə çaşqınlıq yarada biləcəyini nəzərə alaraq Dövlət Komitəsi bildirir ki, qurum dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq “Büdcə sistemi haqqında” AR Qanununa əsasən, hər il maliyyə vəsaitlərinin hərəkətinə və istifadəsinə dair məlumatları Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim edir.

Əlavə olaraq bildiririk ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən Dövlət Komitəsi tərəfindən maliyyə tutumlu tədbirlərin sayı məhdud olub. 2021-ci ildə 432 462 (dörd yüz otuz iki min dörd yüz altmış iki), 2022-ci ildə 999 198 (doqquz yüz doxsan doqquz min yüz doxsan səkkiz) və 2023-cü ildə 3 313 054 (üç milyon üç yüz on üç min əlli dörd) manat vəsait müqabilində tədbirlərin təşkili üzrə müqavilələr bağlanılıb və öhdəliklər yerinə yetirilib.

Qeyd edilməlidir ki, həyata keçirilən tədbirlər Dövlət Komitəsinin illik fəaliyyət planına əsasən, ölkə rəhbərinin imzaladığı dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində komitənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı olur. Həmçinin, bu tədbirlər ictimaiyyət və çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilir və bu barədə məlumatlar müxtəlif KİV-də dərc edilir. Hər il dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə, komitə tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma proseduru (açıq tender) həyata keçirilir. Satınalma proseduru elektron formada “etender.gov.az” portalı vasitəsilə aparılır. Bütün proses qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf formada icra edilir”.

Bildirilib ki, açıq tender proseduru yekunlaşdıqdan sonra təqdim olunmuş sənədlər tender komissiyası (Tender komissiyasının tərkibinə İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri daxil olurlar) tərəfindən qiymətləndirilir, yekun protokol hazırlanır və komissiya üzvləri tərəfindən imzalanır:

“İmzalanmış protokol qeydə alınması üçün bu sahədə səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktub ilə yönləndirilir.

Yekun protokolun nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyata alındıqdan sonra qalib təşkilat ilə müqavilə bağlanılır və il ərzində öhdəliklər qarşılıqlı formada, yüksək keyfiyyətlə həyata keçirilir.

Dövlət Komitəsi media nümayəndələrinin informasiyanı almaq və yaymaq hüququna hörmətlə yanaşır, ictimaiyyətin diqqətini yanlış istiqamətə yönləndirən məlumatların yayılması yolu ilə oxucu sayını artırmaq niyyətində olan media subyektlərini bu məqsədlərinə çatmaq üçün konstruktiv yanaşma sərgiləməyə çağırmaqla yanaşı, belə əməllərə görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulduğunu bir daha xatırlatmağı da vacib hesab edir”.

Qeyd edək ki, komitə tərəfindən dövlət satınalmalarına ayrılan maliyyə vəsaiti ilə bağlı büdcə vəsaitini aşan rəqəmlərin olması barədə məlumatlar yayılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir