Cəmiyyət

Qızmar Günəş altında satılan gübrəli qarpızlar təhlükəlidirmi? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Qarpız sahədən toplandıqdan sonra onun hansı şəraitdə saxlanılması məhsulun, eyni zamanda, istehlak üçün yararlılıq dərəcəsinə təsir göstərir”.

Bunu Oxu.Az-ın qızmar Günəş altında satılan qarpızların təhlükəli olub-olmaması barədə sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər. AQTA-nın İnformasiya Təminatı və İnnovativ Həllər Şöbəsindən bildirilib ki, qarpız bitkisinin yetişdirilməsində bir çox gübrələrdən, eləcə də pestisidlərdən istifadə olunur:

“Gübrələrdən, əsasən, torpağı zəruri qida elementləri ilə təmin etmək üçün istifadə olunur. Bu gübrələrin norma daxilində istifadə olunması qarpızın məhsuldarlığını yüksəldirsə, gübrələrin normadan çox tətbiq olunması isə qarpız bitkisinin əmtəə dəyərinin aşağı düşməsinə səbəb olur. Belə ki, xüsusən azot tərkibli gübrələrin normadan çox verilməsi qarpız bitkisinin içərisində azotun parçalana bilməyən hissəsinin kütlələr, qalıqlar şəklində toplanmasına səbəb olur və belə məhsulların istehlakı insan orqanizmində toksiki zəhərlənmələrin yaranmasına gətirib çıxarır. Azotlu gübrələrdən istifadə edərkən təhlükəsizlik tədbirləri gözlənilməli və etiketinə, yəni həmin gübrələrin istifadə təlimatına uyğun tətbiq olunmalıdır.

Qarpızı sahədən topladıqdan sonra gün altında saxladıqda bu, qarpızın istehlak yararlılığının azalmasına səbəb olur. Lakin günün altında qalması məhsulun içərisindəki gübrə qalıqlarına müsbət və ya mənfi təsir göstərmir. Əgər qarpızın yetişdirilməsi zamanı azotlu gübrələrdən normadan çox istifadə olunubsa, hətta sərin şəraitdə saxlasaq belə, bu cür məhsulların istehlakı yenə zəhərlənməyə səbəb ola bilər. Günün altında qarpızın saxlanması onun nəmlik miqdarının azalmasına, xarab olmasına və istehlak üçün yararsız olmasına gətirib çıxarır”.

Agentliyin cavabında “Qarpızın içərisində nitrat qalığının normadan çox olmasını hansı hallarda görə bilərik?” sualının açıqlaması da yer alıb. AQTA-dan vurğulanıb ki, bu, qarpızı kəsdikdə artıq özünü büruzə verir:

“Qarpızdan xoşagəlməz dərman qoxusu gəlir. Eyni zamanda, qarpızın lətli hissəsində müxtəlif çəhrayı rəngli topalar görünür. Çəyirdəyi olmayan qarpızların istehlakı da tövsiyə olunmur. Bundan başqa, əgər qarpızın qabıqaltı hissəsində sarı rəngli zolaqlar görülürsə və yaxud da qarpızın lətli hissəsində böyük şəkildə ağ rəngli damarlar varsa, bunlar qarpızın yetişdirilməsində gübrələrin normadan çox istifadə olunmasını göstərən əlamətlərdir. Təbii ki, qarpızın içərisində gübrənin normadan çox və norma daxilində olmasını daha dəqiq laboratoriya müayinələri ilə bilmək mümkündür, amma sadaladığımız əlamətlər də qarpızın istehlak üçün yararlı olub-olmamasını müəyyən etmək üçün əsas göstəricilərdən biri hesab olunur.

Hər il olduğu kimi, cari ildə də agentlik tərəfindən mövsüm ərzində müxtəlif meyvə və tərəvəz məhsullarından, o cümlədən qarpız, yemiş və digər bostan bitkilərindən monitorinq proqramı çərçivəsində nümunələr götürülərək laboratoriyalarda müayinə olunur. Aşkar olunan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Cari ilin ötən yay dövrü ərzində yüzlərlə qarpız və yemiş nümunəsi müayinələrə cəlb olunub. Bu günə qədər bu nümunələrdə hər hansı bir nöqsan aşkar edilməyib”.

Qida təhlükəsizliyinə məsul qurum onu da qeyd edib ki, agentlik tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür:

“Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Vətəndaşlarda istehlak etdikləri qarpız və digər məhsullarla bağlı şübhə yarandıqda və ya hər hansı uyğunsuzluq müşahidə etdikdə, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazid hallarla rastlaşdıqda bu barədə konkret faktlarla Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir