Cəmiyyət

Bakı İstintaq Təcridxanasından REPORTAJ + FOTO

Sharing is caring!


Cəzaçəkmə müəssisələri və təcridxanalarına düşməyi heç kim arzulamasa da, yəqin ki, içəridəki durum hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu marağı dəf etmək, eləcə də məhkumların peşə bacarıqlarının artırılması məqsədilə start verilən yeni pilot layihənin icrası ilə daha yaxından tanış olmaq üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yollanırıq.

Qapının girişində olan zaman təcridxananın azadlığa körpü olan əzəmətli darvazası görünür. Adətən, qapılar üzümüzə çıxış yolu kimi açılır. Amma ilk dəfə idi ki, bir qapını açarkən yolun bağlandığını görürəm. Bunu içəri daxil olduqdan sonra dörd divarda əks-səda yaradan darvazanın cəftəsi çəkilərkən daha dərindən hiss edirəm.

Daxilimi bürüyən bu duyğu və təcridxana əməkdaşlarının müşayiəti ilə otaqlardan birinə doğru irəliləyirəm. Burada dustaqlara bayırdan qanunsuz olaraq müxtəlif vasitələr keçirməyə çalışan şəxslərdən götürülmüş əşyaların fotoları nümayiş etdirilir. Stenddə çərçivəyə salınmış təəccüb doğuran fotolar var. Fotolardan anlaşılan odur ki, əksəriyyət gətirdiyi əşyanı sovqatın içərisində gizlətməyə çalışıb.

Badımcanı, kartofu oyub içərisində yaxınına telefon keçirməyə çalışanlardan tutmuş, digər qadağan olunmuş əşyaları keçirmək istəyənlərə qədər. Burada hətta fotorentgen müayinəsi zamanı məhbuslardan birinin düz bağırsağında mobil telefonun aşkarlanmasının da fotosu nümayiş etdirilir.

Növbəti olaraq digər otağa – mətbəxə keçirik. Elan olunur ki, məhkumların peşə bacarıqlarının artırılması məqsədilə yeni pilot layihəyə start verilib. Belə ki, onlar aşpazlıq kurslarına cəlb olunublar.

Xörək bişirən məhkumlardan birinə yaxınlaşıb adını soruşuram.

Müsahibim Qədir Ağayevin 44 yaşı olmasına baxmayaraq, üzündə peşmanlığın dərin izləri – qırışları var. Artıq bir il iki aydır ki, İstintaq Təcridxanasında məhkumdur, narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmaqda ittiham edilib. Ona dörd il həbs cəzası verilib. Öncə azadlığın onun üçün nə ifadə etdiyini soruşuram, mənə maraqlıdır ki, məhbus həyatı yaşadığı ötən bir il iki ay ona nə öyrədib?

Sual dilimdən çıxan kimi gözləri yaşarır. Bir neçə dəqiqə heç nə danışmır. Sonra qəhərli və zəif səslə “bu suala cavab vermək çox çətindir” deyir:

“Burada bizə münasibət və şərait çox yaxşıdır, ancaq heç bir şey azadlığın yerini vermir. Dörd il məhbus həyatı yaşamaq dildə asan səslənir, amma ailəndən, övladlarından ayrı sanki bu müddət 44 ilə bərabər olur. İki övladım var, qızım hazırda nişanlıdır. Az öncə sual verdiniz ki, azadlıq nədir və daha çox hansı məqamda azadlığım üçün darıxıram? Uşaqlarım gözümün qarşısına gələndə çox darıxıram”.

Q.Ağayev sözlərini bitirib göz yaşını silir:

“Törətdiyim əmələ görə çox peşmanam. Buraya düşməzdən əvvəl mebel ustası kimi fəaliyyət göstərirdim. İndi isə aşpazlıq kurslarına cəlb olunmuşuq. Bu mənə və digər məhbus yoldaşlarıma çox yaxşı təsir edir. Həm vaxtımız səmərəli keçir, həm də bu işi dərindən öyrənirik”.

O deyir ki, zaman keçsin deyə dustaq yoldaşları ilə söhbətlər edir, azadlığa qovuşduqdan sonrakı həyatın xəyallarını qururlar:

“Zamanımızın tez gəlib keçməsi üçün dustaq yoldaşlarımızla deyib-gülür, söhbət edirik. Azadlığa qovuşacağımız gün barəsində danışırıq. Buradan çıxdıqdan sonra yeni həyat qurmağın, bir daha buraya geri dönməməyin xəyallarını qururuq”.

Digər məhkumlardan biri – Nihat Qənbərovla söhbət edirəm:

“Artıq bir il beş aydır ki, buradayam. Üç il müddətinə azadlıqdan məhrum edilmişəm. Təkrar dələduzluq, vətəndaşın etibarından sui-istifadə etdiyim üçün cəzalandırılmışam. İnsan buraya düşdüyü ilk günlərdə şokda olur. Ancaq bir müddət sonra öyrəşməyə çalışırsan. Vaxtım səmərəli keçsin deyə aşpazlığı öyrənməyə səy göstərdim, çox sağ olsunlar, şərait yaratdılar. Yemək bişirmək azadlıqda olduğum vaxtdan xoşuma gəlib. İndi bu işi daha da təkmilləşdirirəm. 30 yaşım var. Burada azadlığın nə qədər önəmli olduğunu, yanlış əməllərdən uzaq olmağı öyrəndim. Burada olanda insan öyrənir ki, çıxış yolu var imiş. Sadəcə, vacib olan o çıxış yolunu tapıb, düzgün yolda getməkdir”.

N.Qənbərov deyir ki, kitab oxumağı çox sevir:

“Təcridxanada geniş kitabxanamız var. Kitab oxumağı çox sevirəm. Xüsusən, Azərbaycan ədəbiyyatını oxuyuram. Elxan Elatlı, Çingiz Abdullayev, Varis Yolçuyevin, qadın yazıçılardan Əzizə Cəfərzadənin əsərləri xoşuma gəlir. İnsanın burada düşünməyə daha çox vaxtı olur, insan daha çox azadlığa çıxdıqdan sonrakı həyatı haqqında düşünür. Azadlığın nə olduğunu isə televizora baxanda daha yaxşı hiss edirsən. Şəhər görüntüləri göstəriləndə darıxmağa başlayırsan. Ailəm, dostlarım, etdiyim səfərlər üçün darıxıram”.

Məhkumlarla söhbətdən sonra ətrafa göz gəzdirirəm. Mətbəxin divarlarına çəkilmiş maraqlı rəsmlər diqqətimi cəlb edir. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirir ki, divarlara çəkilən rəsmlərin hər biri məhkumların öz əl işidir.

Deyəsən, buranın ab-havasındadır. Məni də qəribə düşüncələr və məyusluq hissi bürüyür. İnsanların azadlığın qədrini gec – daşın topuğa dəydiyi anda dərk etməsinə çox kədərlənirəm. Asta addımlarla girişdəki qapıya yaxınlaşıram. Açılması və bizim bayıra çıxmağımız üçün darvazanın bəndi çəkilir. Mənə elə gəlir ki, bu dəfə bənd çəkilərkən heç bir səs eşidilmir…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir