Cəmiyyət

Nəzir qutusu

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

“Nəzir qutusu”nda toplanan pullar görəsən hara gedir? 

Bu qara qutu həqiqətən də dünyanın ən gizli məqamlardan xəbərdar olan bir əşyadır. Kaş ki, bu qutunun dili olaydı, danşardı illər boyu yığılan pul-paralardan.  

Danışardı ki, kim hansı niyyətlə, hansı arzuyla bu qara qutuya pullar salıb. 

Danışardı ki, hansı əmmaməli, əlində təsbeh, dilində Quran ayəsi olan əmilər bu qutudan nələr çıxarıb, nələr götürüb, ya götürməyib. 

Danışardı ki, göz yaşı, alın təri hesabına, bəzən də asan yollarla gələn pullardan nəzir payı necə olur. 

Hansı bəndənin nəzir-niyazı Allah tərəfindən qəbul olunub, hansı qəbul olunmayıb.

Təəssüf ki, qara qutunun dili yoxdur… Heç nəzarət də yoxdur ki, heç olmasa təqribi bilək. 

Şəxsən mənim “nəzir qutusu” ilə ilk tanışlığım valideynlərimin bizi “Göy məscid”ə aparması ilə bağlıdır. 

Yadımda qalan odur ki, hərəmiz sovetin bir manatını atdıq qutuya. 

Sonra rusun bir manatı oldu xalq arasında “Nizami”, “Məmməd” pulu, sonra da oldu indiki bir manat. 

Pul dəyişdikcə “nəzir qutusu”nun da gəliri-çıxışı dəyişdi. Ölkədə pul çoxaldıqca insanların arzu-niyyəti də, nəzir-niyaz verəni də çoxaldı. Elə həcmi də. “Nəzir qutu”larına beşlik, onluq girməyə başladı. Lap böyük niyyət edənlərsə əllilik, yüzlük saldılar. 

Hələ siz pir və ocaqları düşünün. Hər kənddə, hər rayonda var. 

Əksəriyyəti rayondan çıxan, Rusiyada yaxşı biznes sahiblərinin də ən sevdiyi işlərdən biri nəzir verməkdir. Özü də xüsusən seçilən, hansısa rayonun, filan pir-ocağına nəzir göndərmək lap müstəhəb əməl hesab olunur. 

Adətən rus rublu ilə göndərilən nəzirlərin içindən bəzən dollarlıq əsginaslar da çıxır. Xüsusi günlərdə qurbanlar da kəsilir, ehsanlar da verilir həmin bu adamların hesabına. 

Əslində bütün bu edilənlər çox gözəl əməllərdir. Və özündə sosial məsuliyyəti təşviq edir. Yəni, dünyəvi dildə desək, mən qazanıramsa, başqalarıyla da bölüşməliyəm. Və bunun məsuliyyətini anlayıram. 

Amma və lakin. “Nəzir qutu”larına girən bütün pullar həqiqətənmi ehtiyacı olanlara çatır? 

Məsələn, adicə “Mirmövsüm ağa” ziyarətgahı var ki, ora nə vaxt getsəniz millət əlindən tərpənmək olmur. Bu isə kobud dildə desək bir o qədər də ianə, pul deməkdir. Hərəsini ən aşağısı bir manatdan hesablayanda gör məbləğ hara vurur? 
 
Dünənə kimi bütün “nəzir qutu”larına nəzarəti  Qafqaz Müsəlmanları İdarəsi aparırdısa, indi nəzarət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir. 

Komitə də deyir ki, dini etiqad azadlığı haqqında qanun var. Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

İanələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianə mexanizminin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək. 

İnşallah deyib, gözləyək. Amma “nəzir qutusu” gözləmir axı. İçi dolur, boşalır. 

Digər məsələ, bəs bu keçən 30 ilin haqq-hesabını kim verəcək? 

Artıq bəzi məscid axundları şikayət edir ki, “mətbuat o qədər sözbazlıq elədi ki, artıq “nəzir qutu”larımız əvvəlki kimi bərəkətli olmur”. Həm də məscidləri idarə edənlər mütləq şəkildə qeyd edir ki,  “nəzirlər” məscidin xırda-xuruş təmirinə və digər məsələlərə xərclənir.  
Amma gəlin bir məsələyə də nəzər salaq ki, dini yerlərin gəlirləri təkcə “nəzir qutu”larından formalaşmır. 

Ölkə başçısı mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan dini qurumlara maliyyə yardımı göstərir. Ən son yardım elə 2022-ci ildə olunub. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinə bir milyon manat ayrılıb. 

Bundan əlavə elə məscidlərdə yas mərasimləri, ehsan məclisləri də keçirilir ki, bu  da əlavə qazanc deməkdir.  Standart menyu var, adambaşı filan qədərdən. Vəssalam!  Bir manat belə menyudan çıxarda bilməzsən. 

Bundan başqa ölünün yuyulmasından, kəfənləməsindən tutmuş, xüsusi avtomobil sifarişi və s. kimi hamısı puldur.  Özü də qəbz yox, kassa yox, ƏDV yox. 

Bəs bu qədər pullar hara gedir? 

Allahın işinə qarışmaq kimi çıxmasın, amma belə çıxır ki, bu vur-çatlasında hamı payını götürür, amma əsl ehtiyac sahibləri, yetim-yesir yenə qalır kənarda. 

İndi “nəzir qutusu” məsələsinin yenidən gündəmə gəlməsinin maraqlı səbəbi var. Yəqin yadınızdadır, bir nəfər “nəzir qutusunu” götürüb getmişdi. Hadisə barədə qısaca məlumat verim ki, Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluqda şübhəli bilinən  34 yaşlı, əvvəllər dəfələrlə  məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb. Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

İndi isə sadəcə düşünün və hesaba vurun. Bir-neçə dəfəyə “nəzir qutusu”nda 13 min manat yığılırsa gör 30 ilə nələr yığılıb? Hər məscidə, pir-ocağa iki “nəzir qutusu” qoyan, gör nələr edər? İki olmasın, bir olsun. Min bərəkət. Bu pullardan yetim-yesirə nə qədər çatıb görəsən?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir