Cəmiyyət

Koronavirusa qarşı peyvəndlər EG.5 növü üçün təsirlidirmi? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Bu ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun “Omikron” ştammının yeni alttipi EG.5 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maraq kəsb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri – XBB.1.16-nın – isə səviyyəsi stabil qalmaqdadır”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib. O qeyd edib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanın keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur:

“Virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştamm əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. “Omikron”un EG.5 variantına maraq məhz son dövrdə bu ştamm ilə yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən, ABŞ-də, Avropada və Sakit okeanın qərbində yerləşən ölkələrdə müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştamma çevriləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur. Həmçinin COVID-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştammın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur”.

Təyyar Eyvazov vurğulayıb ki, daha genişmiqyaslı tədqiqatlarda EG.5 ştammının klinik nəticələrə təsirini öyrənmək tələb olunur:

“ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinın tətbiqinə ehtiyac yoxdur.

Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının daim diqqət mərkəzindədir. Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir