Cəmiyyət

250 növü olan, kiloqramı 30 manata satılan sumaq necə əldə olunur? – FOTO

Sharing is caring!


Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür.

Bu ərazidəki Kələnov kəndinin sakini Müslüm Həlimov uzun illərdir yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini bildirir. “Bir nəfər ağaclardan gün ərzində bir kisə, təxminən 20 kiloqramadək sumaq yığa bilər ki, bundan da emal olunduqdan sonra cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. Bu bitkinin toplanması zamanı diqqətli olmaq lazımdır. Sumağı əlcəklə yığmaq məsləhətdir. Əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində yaralar əmələ gətirə bilər”, – deyə Müslüm Həlimov söyləyib.

Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir. Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 30 manata, stəkanı isə üç manata satılır.

“Hər il biz 40-50 kilo sumaq hazırlaya bilirdik. Bu il quraqlıqdır deyə sumaq azdır. Sumaqdan biz bütün yeməklərdə istifadə edirik. Əsasən də yağlı təamlarla yeyilir. Turşluğu var. Təzyiqi aşağı salır. Mən sumaqdan dərman kimi istifadə edirəm. Bazarda belə keyfiyyətli sumaq tapmaq çətindir. Bəziləri bitkinin toxumlarını da üyüdüb sumağa qatır ki, məhsul çox olsun. Amma onda keyfiyyətsiz olur”, – deyə Kələnov kənd sakini Nəsibə Həlimova söyləyir. 250-yə yaxın növü olan sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, İsmayıllı, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.

Sumaq meyvəsinin tərkibində 18-20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir