Cəmiyyət

“Ağdamda hər kəs öz evini istədiyi kimi tikə bilməyəcək” – İcraçı direktorla MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. Torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağda quruculuq işlərinə start verildi.

Artıq erməni vandallığına məruz qalan şəhər, qəsəbə və kəndlərimiz müasir üslubda inşa edilir.

Oxu.Az-ın doğma torpaqlarımızda bərpa işlərinin hansı mərhələdə olduğu barədə suallarını Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov cavablandırıb.

– Xidmət Qarabağda (Şuşa istisna olmaqla) hansı işləri görür? Neçənci ilə kimi quruculuq işləri davam etdiriləcək?

– Xidmət olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti, bərpa işlərini görürük və sonrakı dövrlərdə də idarəetmə funksiyasını həyata keçirəcəyik. İlk mərhələ ərazilərin minalardan təmizlənməsi, kənd və yaşayış məhəllələrinin layihələndirilməsi, dövlət ekspertizasından keçirilməsi, şəhərsalmanın əsaslandırılması və inşaat işlərinə başlanmasından ibarətdir.

Bildirim ki, Qarabağ iqtisadi rayonu üzrə Ağdamda bir şəhər, 12 kənd, Füzulidə bir şəhər, 10 kənd, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ, Azıx və ətraf kəndlər 2026-cı ilə kimi layihələndirilərək, bir qismində tikinti işlərinə başlanılacaq. Bir hissəsində isə layihə işləri tamamlanacaq.

– Artıq Ağdam şəhərinin layihələndirilməsi aparılıb və işlər görülür. Şəhərə köç nə zaman başlayacaq?

– “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına əsasən, Ağdamda 2022-26-cı illər ərzində 12 kənd yaşayış məntəqəsinin, həmçinin beş yaşayış massivinin layihələndirilməsi, tikintisi planlaşdırılır. 2026-cı ilə kimi Ağdamda inzibati mərkəz inşa ediləcək. Orada dövlət qurumlarının binaları yer alacaq. Eyni zamanda, şəhərdaxili yolların tikintisi olacaq.

2026-cı ilə kimi Ağdam şəhərində 58,7 kilometrlik yol kommunikasiya şəbəkələri ilə bir yerdə inşa ediləcək. Nəzərə alaq ki, Ağdamda şəhərdaxili ümumi yolun uzunluğu 192 km-dir və ilkin mərhələdə 58,7 km yol 25 yaşayış məhəlləsini əhatə edəcək.

Buraya köçürüləcək əhalini istilik və isti su ilə təmin etmək məqsədilə müxtəlif yaşayış massivlərində 12 qazanxana kompleksinin də tikintisi nəzərdə tutulub. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi birinci mərhələ işləri yekunlaşacaq. 2025-ci ildə 16 min əhali köçürüləcək.

Ağdam şəhərinin Baş planına əsasən, əhalinin 70 faizi çoxmənzilli binalarda, 30 faizi isə fərdi evlərdə yaşayacaq. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə ümumilikdə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

2022-26-cı illərdə ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 8 400 fərdi yaşayış evinin və 8 800 mənzilin tikilməsi, eyni zamanda, 66 min məcburi köçkünün köçürülməsi nəzərdə tutulub.

– Görülən işlərə əsas çətinlik yaradan mənfur düşmənin basdırdığı minalardır…

– Bəli. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən hər həftə tikintisi artıq başlamış və layihələndiriləcək kənd, qəsəbələr üzrə bizə informasiyalar verilir. Tikinti tempimiz ANAMA- nın mina təmizləməsindən asılıdır. Onların işi daha ağır və çətindir. Keçmiş “Ohanyan səddi” deyilən ərazilərdə minalar çoxdur və təmizlənməsi xeyli vaxt aparır.

Bəzi hallarda layihələndirmə mərhələsində belə, geoloji qazıntı üçün əraziyə girmək lazım olur. Bunun üçün ora minadan təmizlənməlidir. İşlər ləngiməsin deyə ANAMA ilə birlikdə zolaq-zolaq işlər görülür və tikinti aparılır. Məqsədimiz  “Böyük Qayıdış” Dövlət Proqramı üzrə qarşımıza qoyulan vəzifələri zamanında tam icra etməkdir.

– İşğaldan əvvəl Ağdamın mərkəzi Cümə məscidi olan ərazi sayılıb. Ağdamın Baş Planı əvvəlki ilə uyğun olacaq?

– Təbii ki, mərkəz Cümə məscidi sayılacaq. Dediyim kimi, 2026-cı ildə şəhərin mərkəzi hissəsi formalaşacaq. Müasir Ağdamın ərazisi keçmiş Ağdam şəhəri və yanındakı səkkiz kənddən ibarət olacaq. Eyni zamanda, Ağdam Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin sol tərəfində üçüncü və beşinci yaşayış məhəlləsi yerləşəcək.

Üçüncü yaşayış məhəlləsində 1 239 mənzil, beşinci yaşayış məhəlləsində isə 1 220 mənzil inşa ediləcək. Şəhərin şimalında salınacaq dördüncü yaşayış məhəlləsində 1 277 mənzil inşa ediləcək. Ağdamda, həmçinin, Muğam Mərkəzi, hotellər, Mərkəzi və Meşə parkı da var. Şəhərə köçən insanların normal dincəlməsi, yaşaması və istirahəti üçün bütün işlər görülür. Nəticədə Ağdamın bir hissəsi hazır olacaq və “ölü” şəhər “yaşayan” şəhər olacaq.

– Tikintidə xarici şirkətlər iştirak edirlərmi?

– Bəli. Qarabağa öz töhfəsini vermək istəyən hər kəsə qapılarımız açıqdır. Heç kim üçün problem yaratmırıq. İstər xarici, istərsə də yerli şirkətlərin əsas məqsədi vətəndaşlarımız üçün komfort şəraitini yaratmaq olmalıdır.

– Qarabağda dağıdılmamış tikililərlə bağlı vəziyyət necədir? Bununla bağlı reyestr işləri nə yerdədir?

– İşğaldan azad edilmiş zonalarda aidiyyəti qurumlarla bina və qurğuları qeydiyyata alırıq. Dağılmış, istismara yararlı, qismən yararlı və yararsız binaların siyahısı tutulur. İlkin baxışların nəticələrinə əsasən, reyestr hazırlanıb və orada nəticələr qeyd edilib. Hazırda binaların xidmətin balansına qəbul edilməsi prosesini aparırıq.

Sonuncu mərhələdə şəhərsalmaya maneə yaradan binalar söküləcək, yaratmayanlar isə bərpa olunacaq. Yararlı binaları söküb, yerinə eyni tikintini aparmağın nə mənası var? Bunlar pulun israfı deməkdir. Yararlı binaların saxlanılması büdcəmizə də ciddi xeyir edəcək.

– Bu yaxınlarda işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılması qərarı verildi. Təbii ki, bu çox yaxşı qərardır. Necə qərar verildi ki, bu addım atılsın və hansı üstünlükləri var?

– Bildiyiniz kimi, Ağdamda dağıntılar çoxdur. Onların idarə olunması üçün poliqonlar yaradılıb və sadəcə, bərk məişət, bizim sahələrdən çıxanlar isə tikinti tullantısıdır. Artıq ilk dəfə işğaldan azad olunmuş ərazilərdə tullantı materiallarının təkrar istehsalata qaytarılaraq, yol yataqlarının tikintisində istifadə olunması mexanizmini tətbiq edirik. Bu həm ekoloji, həm də iqtisadi səmərədir. Bakıdan gətirilən daş ilə orada kəsilənin də qiyməti fərqli olacaq.

Həm əlavə iş yeri olacaq, həm də çıxacaq məhsul tikintidə istifadə ediləcək. Onun tutumu yaxşı olduğundan izolyasiya tədbirlərini daha az görəcəyik. Ağdam camaatı oranın ağ daşına öyrəşib. O daşla tikilən evi görəndə keçmişi ruhən hiss edəcəklər.

Əksər daş kəsim yerlərində ciddi tullantılar var. Onları idarəedilən hala gətirəcəyik. Bakıətrafı daş karxanaları böyük yamaclardır və kəsdikcə dağıntıları çölə atırlar. Nəticədə böyük bir ərazi toz mədəninə çevrilib. Ağdamda belə olmayacaq. Ekoloji təmiz şəhər yaradırıqsa, tullantılar da idarəolunan olmalıdır.

Bakı şəhərində də bunu tətbiq etmək lazımdır. Orada pilot layihələrdə məhəllələr sökülür və zibil poliqonunda torpaqla örtülür. Biz beləliklə pulu torpağın altına basdırırıq. Halbuki, başqa yeri qazır, çaylarımızın yataqlarını dərinləşdirib, ekologiyanı pozaraq, yol yataqlarından istifadə edirik. Bu üsuldan istifadə edilsə, səmərəlilik artacaq.

– Bəzi məcburi köçkünlər deyirlər ki, işğaldan azad edilmiş ərazilərə qayıdaraq öz evlərini istədikləri kimi yenidən tikib, yaşamaq istəyirlər. Bu şəxslərin evlərini istədiyi kimi bərpa etmək mümkündürmü?

– Bu, mümkün deyil. Bərpa prosesi modern şəhər tipində aparılır. 30 il əvvəl birmərtəbəli ev olub və qalıqları qalır. Bu gün isə ora şəhər mərkəzinə çevriləcək. Ağdamda sıx yaşayış məhəllələri, çoxmənzilli binalar və seyrək sıxlıqlı bir, iki və üçmərtəbəli evlərdən ibarət yaşayış məhəllələri olacaq. Yaşayış məhəllələrinin biri o birinə bənzəməyəcək.

Şəhərin istirahət zonasında süni göl yaradılacaq və ətrafı bulvar, meşə parkı olacaq. Orada olan zaman insan elə biləcək ki, İngiltərədədir. Bu gün “keçmiş formada ev bərpa edim” demək düzgün deyil. Geniş və modern şəhər yaratmalıyıq. Keçmiş evi istəyən şəxslər yeni evləri görən zaman bu gözəlliyi qəbul edəcəklər. Şəhərin kənarında həyətyanı sahəsi olan fərdi yaşayış evləri tikiləcək.

– Bəs Füzulidə hansı işlər aparılır?

– Orada bir şəhər, bir kəndin tikintisi olacaq. Hazırda Füzuli şəhərində 846 mənzildən ibarət 38  çoxmərtəbəli bina inşa edilir. Artıq Füzulinin bir hissəsində rabitə, su, elektrik xətti var və qaz xətti çəkilməkdədir. Artıq sentyabrın əvvəlinə Füzuli şəhərinə 144 ailənin köçürülməsi planlaşdırılır.

Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kənd olan Dövlətyarlı kəndinin bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.

– Tikinti, şəhərsalma işlərindən danışdıq. Şəhərsalmanın prinsipi necə olmalıdır?

– Şəhərin salınması üçün magistral yol, dəmiryol, kommunikasiya şəbəkələri yaradılmalıdır. Bunlar hamısı işlək hala gəlməlidir. Bu gün kanalizasiya sularının axması üçün təmizləyici qurğular olmalıdır. Evlər hazırlana kimi digər kommunikasiya qurğuları olmalıdır. Hazırda Qarabağda həmin prinsiplərə uyğun şəhər salınır. Kiçik bir səhv böyük problemə səbəb ola bilər. Bunun üçün işini ciddi bilən mühəndislər cəlb olunmalıdır.

– Tuğ kəndində hansı işlər görülür?

– İlk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur.

Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1 464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6 515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur.

Həmçinin, Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq. Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa olunacaq. Görüləcək işlərin planına, həmçinin, Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.

Bildiyiniz kimi, mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyuldu. Ümumi sahəsi 99 hektar olan Tuğ kəndində 1 089 nəfərin yaşaması nəzərdə tutulur.

Kənddə ilkin fazada 30 ədəd fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək, digər mövcud binalar bərpa edilərək, yeni təyinatla – hotel, mədəniyyət mərkəzi, aptek olaraq istifadəyə veriləcək. İnzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır.

– Övsət müəllim, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirəm.

– Bizim başlıca amalımız Qarabağı dirçəltmək, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Bu yolda yorulmadan çalışırıq. İnanırıq ki, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gələcəyik.

Daha çox foto burada: PhotoStock.az  

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir