Cəmiyyət

Atası bankdan kredit götürdü, evini girov qoydu, obyekti yandırdı

Sharing is caring!


Sumqayıt Şəhər Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Mahir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 09 oktyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində qeydə alınıb.

Belə ki, M.Quliyev atası Sahib Quliyevə (şərti)  məxsus kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə qəsdən yandırıb. Nəticədə o, zərərçəkmiş şəxsə ümumilikdə 5 786 manat maddi ziyan vuraraq atasının əmlakını qəsdən məhv edib.

Məhkəmə iclasında M.Quliyev özünü təqsirli bilib. O deyib ki, atası S.Quliyev ilə münasibətləri pisdir. Son zamanlar aralarında mübahisələr yaranıb. Buna səbəb isə atasının beş il əvvəl ona məxsus evi banka girov qoyaraq 30 000 ABŞ dolları pul götürməsi və həmin pulu ödəməməsi olub.

M.Quliyev söyləyib ki, atası S.Quliyev həmin kreditin yalnız 16 000 manatını ödəyib. Bu səbəbdən də bankla Mahirin arasında mübahisə yaranıb. Daha sonra Sahib bankdan götürdüyü kredit ilə “Mercedes-Benz” markalı avtomobil alıb. Ata ilə oğlun arasında söhbət zamanı Sahib ona təsərrüfat yaradacağını və onu da orada nəzarətçi qoyacağını deyib. Ancaq atası dediklərinin heç birini etməyib.

Hadisədən bir gün əvvəl hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı atası onu təhqir edərək kafedən qovub. O, kafeni yandıracağını bildirərək oradan uzaqlaşıb. Daha sonra Mahir gecə saatlarında kafeyə bitişik olan bərbərxananı açaraq oraya daxil olub, salfeti götürüb, obyektin içərisində olan əşyaları bir yerə toplayaraq yandırıb. Bundan sonra o, kafeyə gedərək, orada olan taxta stolları bir yerə yığıb, ardınca da onları salfetlə yandırıb. Sonra digər otaqda da yanğın törədib. 

M.Quliyev əməlindən peşman olduğunu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir