Cəmiyyət

Bakıda döyülən azyaşlının atası: “Oğlumu döyməkləri bəs deyil, indi də ailəmə hücum edirlər – VİDEO

Sharing is caring!


Bir neçə gün öncə Bakıda azyaşlının döyülməsi və zorakılığı əks etdirən görüntülər ictimailəşib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən aydın olur ki, bir azyaşlı uşaq iki yeniyetmə tərəfindən zorakılığa məruz qalır. Yeniyetmələr azyaşlını vurur, yerdə sürüyür və bütün bunları telefona çəkirlər. 

Hadisə Xətai rayonu S.Əhmədov küçəsində baş verib. Əməli törədən iki yeniyetmə rayon polis əməkdaşlarının nəzarətinə götürülüb. Zorakılığa məruz qalan uşaqla bağlı isə ekspertiza təyin edilib.

Olayla bağlı təhqiqat işləri bitməmiş zərərçəkənin ailəsi növbəti dəfə təzyiq və təhdidlərlə üzləşib. Azyaşlını döyən yeniyetmələrdən birinin valideynləri döyülən uşağın yaşadığı evə hücum edərək, şikayətlərini geri götürmələrini tələb ediblər. Bu azmış kimi görüntülərin çəkildiyi mağazanı da bağlatdırıblar. 

Bununla bağlı Bizim.Media-ya döyülən azyaşlının atası Ruzin Nəsirzadə şikayətlənib. Ata deyib ki, övladının zorakılığa məruz qalmasından sonra indi də ailəlikcə rahatlıqları pozulub:

“İki oğlum var. Böyük oğlum autizm xəstəsidir. Döyülən oğlum Yusifi ingilis və rus dillərindən hazırlıq kursuna, həm də rəqsə qoymuşam. Biri xəstədir deyə, o uşağı yetişdirmək istəyirəm. TIR sürücüsüyəm. Çox vaxt yollarda oluram, alın tərimlə, zəhmətimlə çalışıram ki, ailəmin nədəsə çətinliyi olmasın.

Amma gəlib belə bir vəziyyəti görəndə bütün həyat gözümdə qaranlığa çevrilir. Bu il Yusif üçüncü sinfə gedəcək. Bu yaşda nə üçün travma yaşamalıdır ki? Axı biz onu elə böyütmürük. Ailəmlə beş ildir ki, Xətai rayonu S.Əhmədov küçəsində kirayədə yaşayırıq. 

Maraqlana da bilərsiniz, heç kimlə problemimiz olmayıb. Amma həmin uşaqlar dəfələrlə oğlumun qarşısını kəsib, velosipedini əlindən alıblar, ona travma yaşadıblar. Bu dəfə isə uşağın başına, bədəninə xəsarətlər yetiriblər. Məhəlləmizdə cəmi iki oğlan var. Onlar da mənim oğlanlarımdır. Qalan hamısı qızdır. Hamısı yaşıd sayılırlar. 

Qızlar yığışıb marketə gediblər. Oğlum da onlarla qoşulub gedib ki, yanlarında olsun. Bir növ böyüklük edib. Marketin qarşısında oturub qızların çıxmasını gözləyib. Qızlar çölə çıxandan sonra uşağın döyüldüyünü görüblər və bizə də elə onlar xəbər veriblər. Marketə gedən qonşu qadınlar belə, döyən uşaqların valideynlərini tanıdıqlarına görə qorxularından olaya müdaxilə etməyiblər”. 

Ruzin Nəsirzadənin sözlərinə görə, oğlunu döyənlərdən birinin valideyni üzrxahlıq etsə də, digərinin anası onlara təzyiq edərək şikayəti geri götürmələrini istəyir:

“Bacısı və anası evimə hücum edərək, “ərizəni geri götür, yoxsa sizin üçün yaxşı olmayacaq” deyə təhdid edirlər. Hüquq-mühafizə orqanları da “biz onlara bata bilmirik, amma ölçü götürəcəyik deyirlər. Heç nə anlamıram. Belə çıxır ki, kim nə istəyir edəcək və cəzasız qalacaq?” 

Şikayətçi qeyd edib ki, zorakılığa məruz qalan oğlunun xəsarətləri ilə bağlı ekspertiza təyin olunsa da, nəticə barədə sənəd onlara təqdim olunmur:

“Ekspertizanın nəticələrini bizə vermirlər. Deyirlər ki, polis gəlib götürməlidir. Qarşı tərəfin bizə təzyiq və təhdidindən həm Xətai Rayon Polis Şöbəsinin 37-ci bölməsi, həm də Baş Prokurorluq məlumatlıdır. Təbii ki, oğlumu döyənlər də uşaqdır, 14-15 yaşları var. 

Mən demirəm ki, həbs olunsunlar və ya həyatları məhv olsun. Heç olmasa valideynləri barədə tədbir görülsün. Özlərini güclü və arxalı göstərirlər. Təsəvvür edin ki, o hadisədən sonra oğlumun görüntülərini yayan mağazanı bağlatdırıblar. Övladımı döyməkləri bəs deyil, indi də rahatlığımızı pozurlar. Onlarla bacaran yoxdur”.

Xatırladaq ki, avqustun 2-də Xətai rayonu S.Əhmədov küçəsində səkkiz yaşlı oğlan 14-15 yaşlarında olan iki yeniyetmə tərəfindən zorakılığa məruz qalıb. Döyülmə faktı ərazidə yerləşən marketlərdən birinin kamerasına düşüb və sosial şəbəkələrdə yayılıb. Hazırda Xətai RPŞ-nin 37-ci bölməsində təhqiqat aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir