Cəmiyyət

Siqaretin bahalaşması digər məhsullara necə təsir edəcək? – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycanda bütün siqaretlərin qiymətinin artması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Siqaretlərin qiymətində 10 qəpik artım olduğu qeyd olunub. Satıcılar qiyməti firmaların artırdığını bildiriblər. Hətta bəziləri qiymət artımının alkoqollu içkilərə də təsir edəcəyini deyiblər.

Bəs görəsən, qiymət artımı realdırmı? Siqaretin bahalaşması hansı məhsullara təsir edə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, siqaretlərin qiymətinin artması gözlənilən idi:

“Fevral ayında aksiz markaları ilə markalanmalı olan tütün məhsullarına tətbiq edən aksiz rüsumlarının tənzimlənməsi ilə bağlı sərəncam verilmişdi. Hesab edirəm ki, sərəncam çərçivəsində tütünə tətbiq edilən aksiz markanın qiyməti artırılır. Bu da tütünün qiymətinin artması ilə nəticələnir”.

E.Kərimli bildirir ki, qiymətlərin artımı məmulatların istehlakına mənfi təsir göstərəcək:

“Bu gələcəkdə, yəqin ki, spirtli içkilərə də tətbiq ediləcək. Mütəmadi olaraq həyata keçiriləcək. Qiymətlərin artımı tütün məmulatlarının istehlakına mənfi təsir göstərir. Lakin sosial faydaları daha çoxdur. Digər, hətta xammalı özləri istehsal edən ölkələrlə müqayisə etsək, görərik ki, siqaret və tütün məmulatları çox bahadır. Bu da öz növbəsində tələb və təklifə təsir göstərir. Belə hallarda, adətən, siqaret çəkənlərin sayında azalma müşahidə edilir”.

İqtisadçı Emin Qəribli qeyd edib ki, tütün məmulatlarının qiymətində pandemiyadan sonra daha çox artım müşahidə olundu:

“Siqaretin qiymətində artım ölkə üzrə müşahidə olunub. Tütün məmulatları məhz pandemiya dövründə təzyiqlərə məruz qaldı. Kəskin azalmalar var idi. Pandemiyadan sonra qiymətlər artdı. Bölgədəki geosiyasi gərginlik, xüsusən də Rusiya və Ukrayna arasında müharibə də öz təsirini göstərdi. Həmin ölkələrdə istehsal olunan siqaretlərin idxalında məhdudiyyət yarandı. Bu da qiymətlərin artımına gətirib çıxardı.

Siqaret həm ölkəmizdə istehsal olunur, həm də idxal olunur. Xammalı bizdə istehsal olunursa, mühüm hissə də xaricdən idxal olunur. Ona görə də dünya bazarında baş verənlər təsirsiz ötüşmür. Dünyada qiymətlər artdıqca bizə də təsir edir. Dünya bazarında siqaretə illik tələbat artımı dörd faizə çatıb”.

“Gələcəkdə də qiymətlərin artması istisna hal deyil. Bu gün bizim ölkədə aksiz dərəcələrin artımı gözlənilə bilər. İnkişaf etmiş ölkələrlə müqayisə etsək, bizdə azdır. Gələcəkdə artırılması labüddür. Siqaretdən geniş kütlə istifadə etsə də, həm ziyanlıdır, həm də zərurət yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrinə baxsaq, görərik ki, onlar da vergilərin artırılmasını labüd hesab edirlər”, – deyə E.Qəribli əlavə edib.

Ekspert qiymət artımının istehsalçılara təsir edəcəyini bildirib:

“Siqaretin qiymətindəki dəyişikliklər digər məhsullara təsir etməyəcək. Tütünün müəyyən hissəsi bizdə istehsal olunur. Alkoqolun xammalı isə idxal olunur. Alkoqolun qiymət artımı dünya bazarındakı qiymətlərdən asılıdır. Bir də aksiz vergi dərəcələri artarsa, qiymətlər də arta bilər. Spirtli içkilərin də bahalaşması bu amillərdən asılıdır. Artım daxili bazarımıza da təsir edəcək. Hazırda kifayət qədər alkoqollu içkilər istehsal edən müəssisələrimiz var. İxrac da var. Spirti və digər məhsulları idxal edirik. Düşünürəm ki, qiymət artımı bizim də istehsalçılara təsir edəcək”.

Qeyd edək ki, 7 fevral 2023-cü il tarixində Prezident İlham Əliyev Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı sərəncam imzalamışdı.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabətqabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlərin hazırlanıb, təqdim edilməsi tapşırığı verilmişdi.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir