Cəmiyyət

“Təbliğat keçmir, cəza lazımdır” – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Sharing is caring!


İllər keçir, piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmır. Ekspertlər deyir ki, bunun əsas səbəbi piyadaların məsuliyyətsizlikləri ilə bağlıdır. Təcrübə göstərir ki, piyadavurma hallarının əhəmiyyətli faizi yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında baş verir.

Hər gün piyadaların ölümü, yaxud xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə xəbər qarşımıza çıxır. Bəzi günlər 4-5 belə hadisə baş verir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2022-ci ildə 683 piyadavurma hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı 64 nəfər həyatını itirib, 369 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 2021-ci ildə 721, 2020-ci ildə isə 664 belə hadisə baş verib. Yəni ciddi azalma yoxdur. İllərdir bu problem var və həlli üçün çalışılır, bəs niyə ciddi azalma getmir?

“Kaspi” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Əsas səbəb insanların təhlükəsizlik qaydalarına laqeyd yanaşmasıdır

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, əsas səbəb insanların öz həyatına laqeyd yanaşmasıdır: “Əvvəllər piyadalarla bağlı vəziyyət bərbad idi, keçidlər zəbt olunmuşdu. İndi də bu hallar var, amma əvvəlki illərə baxanda, piyadalar üçün şərait indi yaxşıya doğru gedir. Müəyyən işlər görülür, amma yenə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri çoxdur. Burada birinci səbəb insanların təhlükəsizlik qaydalarına, öz həyatlarına laqeyd yanaşmasıdır. Televiziyada, radioda, sosial şəbəkələrdə aparılan təbliğatı sanki görmürlər, yaxud görürlər, amma diqqət etmirlər”. Ekspert piyadalara nəzarətin gücləndirilməsinin tərəfdarıdır: “Son vaxtlar piyadalara nəzarət bir xeyli zəifləyib. Cəzalanan piyadaların sayı azalıb. Hətta keçidlərin yaxınlığında belə, keçiddən istifadə etmirlər. Nəzarəti gücləndirmək lazımdır. Sürücü, piyada olaraq mental düşüncəmiz budur, nəzarət, cəza olmasa, biz qaydalara əməl etmirik”.

“Deyir ki, can mənimdir, özüm bilərəm”

E.Muradlı deyir ki, aidiyyəti qurumlar da bəzən məsuliyyətsizlik edirlər və bu da piyada ölümünə səbəb olur: “Məsələn, hansısa ərazidə 10-15 adam öləndən sonra həmin ərazidə piyada keçidi tikirlər. Buzovnada, Qaradağ ərazisində indi piyada keçidi tikilir. Neçə nəfər orada ölür, insanlar müraciət edirlər, aylar, illər keçir, sonra piyada keçidi qoyurlar. Aidiyyəti qurumların məsuliyyəti, ciddiyyəti olmalıdır. Həmin qurumların fəaliyyətinə ciddi nəzarət olmasa, onlar yenə də bu cür məsuliyyətsizliklərini davam etdirəcəklər. Piyada keçidi təhlükəli yerlərdə vaxtında tikilməlidir ki, ölümlərin qarşısı alınsın”. Ekspert qeyd etdi ki, təbliğat işləri ilə insanları maarifləndirmək lazımdır: “Qabaqlayıcı tədbirlər sırasında təbliğat və nəzarət mexanizmi olması çox vacibdir. Təbliğat şüurlu insanların daha yaxşı düşünməsinə imkan verir. Amma adam var “Keçiddən keç” deyəndə, “Buradan keçirəm də” cavabı verir. Deyirsən ki, “Kəmər tax”, deyir ki, “Can mənimdir, özüm bilərəm”. Bunlara təbliğat keçmir, cəza lazımdır”.

“Mütləq 60-la getməli deyilsən axı…”

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev də deyir ki, piyada məsuliyyətsizliyi birinci yerdədir: “Piyadavurma hallarının əhəmiyyətli faizi yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında baş verir. Keçid yaxındadır, amma piyada ondan istifadə etmir. Bu qədər deyirik, göstəririk, təbliğat aparırıq, maarifləndiririk, dövlət proqramı icra edirik. Soruşanda, “Bilirəm” deyir. Soruşuruq ki, bəs niyə qaydanı pozursan? Deyir ki, “Tələsirdim, həmişə keçdiyim yoldur” və s. Bəzən isə haqlı olaraq piyada deyir ki, keçid məndən 1 kilometr uzaqlıqdadır, bir çörək almaq üçün 2 kilometr yol getməliyəm, halbuki buradan tez keçirəm. Piyadalar üçün yol infrastrukturunun əlçatan olmaması, şəhərimizin piyadayönümlü olmaması da faktordur”. M.Ağayev bildirdi ki, sürücülərin də məsuliyyətsizlik etdiyi məqamlar var: “Sürücülərin burda əsas rolu sürət, səhlənkarlıq, etinasızlıq, qanunsuz nəqliyyat vasitəsi idarə edilməsi halları və s.-dir. Əsas sürətdir. Sürücü deyir ki, burda “60” yazılıb, sürmüşəm də”. Yer buzdursa, qar yağırsa, hava dumanlıdırsa, göz-gözü görmürsə, mütləq 60-la getməli deyilsən axı… Sürücüsən, bilməlisən ki, dağlıq relyefdir, meteoroloji şərait imkan vermir, yol örtüyü əlverişli deyil, sıxlıq var və s. Risklər var, bunları nəzərə almalısan. Sürəti elə təyin etməlisən ki, ani baş verəcək hadisənin qarşısını ala biləsən. Yaxud, adam sərxoşdur, sürücülük hüququ yoxdur, etibarnaməsi yoxdur, amma baxırsan, nəqliyyat vasitəsi idarə edir. Polisdən qaçır, sərxoş idarə edir, başqa maşınlar, piyadalar üçün təhlükədir”.

Bilir, amma şəxsi nümunə göstərmək istəmir

M.Ağayevin sözlərinə görə, bir qisim insan yol hərəkət qaydaları ilə bağlı məlumatlı olsa da, onun tətbiqində maraqlı deyil: “Bilir, amma şəxsi nümunə göstərmək istəmir. Uşaq Gənclər Mərkəzi ilə bizim əməkdaşlığımız var, orada dərnəklərdə maarifləndirmə aparırıq. Oradan çıxan uşağı valideyni gəlib götürür. Yol keçəndə uşaq deyir ki, qanunsuzdur, buradan keçmək olmaz. Çünki məktəbdə öyrənib. Ana tələsdiyi üçün uşağı dartır ki, gəl buradan keçək. Uşaq müəllimdən eşitdiyini həm də yaxınlarında, cəmiyyətdə görməlidir ki, onda da vərdiş yaransın”. Qurum rəsmisi deyir ki, piyadaların qaydalara riayət etməməsi ilə mübarizədə cərimə tətbiqi həmişə effektiv olmur: “Birincisi, qayda pozanların əksəriyyəti tələbə, təqaüdçü olur. Onlara tətbiq olunan cərimələrin ödənilməsində problem yaranır. İkincisi, daxili işlər orqanlarının idarəetməsində cəza təhdidi altında nəzarət tədbirlərinə meyllilik yoxdur. Biz piyadanı cəza tədbiri altında intizama dəvət etməyə maraqlı deyilik. Cəza son həddir. Biz onun tərəfdarıyıq ki, insanlar məsuliyyətlərini dərk etsinlər, öz sağlamlıqları üçün bunu etməyin vacib olduğunu bilsinlər. Ona görə də maarifləndirməyə üstünlük veririk. Yəni, insan özü məsuliyyətli yanaşmırsa, sağlamlığına biganə qalırsa, çətindir. Hər kəsin yanına bir polis əməkdaşı qoymaq mümkün deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir