Cəmiyyət

Meşəli qırğınının şahidi: “Anamı Vaqif Xaçatryanın daxil olduğu dəstə qətlə yetirdi” – FOTO

Sharing is caring!


“Vaqif Xaçatryan və ailəsi digər erməniləri də qızışdıraraq Meşəli sakinlərinə qarşı təxribatlara sövq edirdilər”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında Meşəli soyqırımı şahidi Süleyman Mahmudov deyib.

O, anasının V.Xaçatryanın da daxil olduğu silahlı dəstə tərəfindən öldürüldüyünü bildirib:

“Həmin hadisə çox dəhşətli idi. Onlar Meşəlinin bir hissəsini ələ keçirə bilməmişdilər, ətrafdan kəndə basqınlar edirdilər. Biz qadın və uşaqları çətinliklə də olsa, kənddən çıxara bildik. Qalan digər sakinlərə isə silahlı dəstə tərəfindən divan tutuldu. Vaqif Xaçatryanın da olduğu silahlı dəstə evimizi mühasirəyə almışdı. Mən balaca qardaşıma atamla anamı evdən çıxartmağı tapşırdım. Onlar kəndi tərk etmək istəyən zaman ermənilərin atəşinə məruz qaldılar və güllələrdən biri anamın baş nahiyəsinə tuş gəldi. Anam Surayyə Alış qızı Mahmudova elə oradaca dünyasını dəyişdi”.

Şahidin sözlərinə görə, silahlı ermənilər kənddə bir ailədən 4, digərindən isə 5 nəfəri qətlə yetirdilər:

“Bizə köməklik göstərilməsə, daha böyük faciə baş verəcəkdi. Həmin gün Vaqif Xaçatryanı və onun kimi vəhşi erməniləri oradan qova bildik. Amma təəssüflər olsun, onları məhv edə bilmədik. Şükür ki, illər keçsə də, onlardan biri ələ keçdi. Mənim anamın, yaxınlarımın, kəndçilərimin qanına əli batmış Vaqif Xaçatryanın cəzalandırılması mənim üçün bir təsəlli olacaq”.

Digər müsahibimiz Kamran Rəcəbov isə Meşəli kəndinin özünümüdafiə könüllü batalyonunun üzvü olduğunu bildirib:

“Səhər tezdən kəndə hücum başlayanda ermənilərlə döyüşə atıldıq. Həmin döyüşdə ağır yaralandım. Həyat yoldaşım 1 yaş 7 aylıq oğlumuzu da götürüb meşəlik əraziyə qaçmışdı. Qarlı-boranlı havada yoldaşımı və övladımı don vurmuşdu. Övladım dünyasını dəyişdi, yoldaşım isə xəsarət aldı. Məni də yaralı vəziyyətdə kənddən çıxararaq Ağdama apardılar. Meşəli kəndində törədilən hadisənin acısı mənə diri-diri ölümü yaşatdı”.

Müsahib vurğulayıb ki, ermənilər dəfələrlə sakinləri kənddən çıxarmağa çalışırdılar:

“Bir dəfə suyumuzu kəsmək üçün çayın qarşısını almağa cəhd etdilər. Ancaq bacarmadılar. Sonra Badara kəndindən avtomobil yoluna post qurdular və yolu bağladılar ki, maşınla kəndə giriş olmasın. O zaman da əlavə yol tapdıq və yenə də cəhdləri uğursuz oldu. Sonda silahlanıb hücuma keçdilər”.

O, Vaqif Xaçatryanın atası Çərkəzi və qardaşı İlyanı tanıdığını deyib:

“Onlar milliyyətçi idilər. Badara kəndində yaşayan erməniləri bizə qarşı qızışdıraraq təxribatlar hazırlayırdılar. Kəndimizə hücum edən silahlı dəstənin üzvləri arasında Vaqif Xaçatryan və onun qardaşı da vardı. Hətta ermənilərlə yanaşı rus ordusunun əsgərləri də bizim kənd camaatına atəş açırdılar. Xalqımıza qarşı törədilən qətllərin iştirakçısı olan Vaqif Xaçatryanın saxlanılması xəbəri bizim üçün sevindirici oldu. Ali Baş Komandan İlham Əliyevə çox təşəkkür edirik ki, bizə bu günü yaşatdı. Onun və ordumuzun gücü sayəsində illər öncə xalqımıza qarşı cinayət törədən vəhşilər öz cəzasını alırlar. Allah bizə digərlərinin də cəzasını çəkdikləri günü göstərsin”.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir