Cəmiyyət

Vüqar Gülməmmədov: “Yeni qanunvericilik dövlət satınalmalarında problemləri aradan qaldıracaq”

Sharing is caring!


“Bu ilin iyunun 14-də Milli Məclis tərəfindən qəbul edilmiş “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi bu sahədə yol verilmiş problemlərin, pozuntuların aradan qaldırılmasına töhfə olacaq”.

Bunu “Report”a Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O deyib ki, bu qanunun tətbiqi dövrünə qədər bütövlükdə büdcə vəsaitlərindən istifadə edənlər üçün maarifləndirmə tədbirləri aparılacaq:

“Bu tədbirlərdə Hesablama Palatası da iştirak edəcək. Qanunvericilik bazasının yenilənməsi bu sahəyə yeni baxışlar gətirəcək”.

V.Gülməmmədovun sözlərinə görə, Azərbaycanda dövlət satınalmaları sahəsində problemlər çoxdur:

“Son vaxtlar dövlət satınalmalarında müsabiqəli satınalmaların sayında artım müşahidə olunur. Bununla yanaşı şəffaflıq da artır”.

Xatırladaq ki, yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

Yeni qanuna əsasən, Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir